Thumbnail

Uşaqlar niyə dərs oxumur?

Uşaqlar dərs oxumağı, ev tapşırıqlarını yerinə yetirməyi böyük problem hesab edirlər. 

Müşahidələr göstərir ki, əgər uşaq dərs oxumamaq üçün hər vasitəyə əl atırsa burada nə isə bir çatışmazlıq var. Uşağınız bütün cəhdlərinizə baxmayaraq, yazı masasında oturmursa və ya oturduqdan sonra qələm, pozan ilə oynayırsa, ayaqyoluna getmək, su içmək kimi bəhanələrlə heç cür diqqətini cəmləyə bilmirsə, bu zaman məktəbdə müəllimi ilə danışmalı, onun davranışını, diqqətini nə dərəcədə cəmləyə bilməsini öyrənməliyik. Əgər ciddi bir problem varsa, mütləq bu sahə üzrə mütəxəsislə görüşmək lazımdır.

Uşaqların dərs oxumağa həvəsləndirilməsində ətraf mühitin rolu danılmazdır. Dərs oxumaq üçün nəzərdə tutulan otaq təmiz olmalı, yazı stolunun üstündə yalnız dərs vəsaiti qoyulmalıdır. Ən vacibi, əgər mümkünsə yazı masası üzü divara doğru döndərilsin. Bu vəziyyətdə otaqdakı başqa əşyalar arxa planda qalacaq və bu da uşağınızın diqqətini cəmləməsinə kömək edəcək.

Xüsusilə ibtiadi sinifdə evə verilən tapşırıqları cox vaxt valideynlər həll edir. Bu halla hər birimiz qarşılaşmışıq. Ancaq bu doğru hərəkətdirmi? Yox, əsla. Əslində valideynlər sadəcə dəstək olmalıdırlar. Məsələn, “dərs oxumaq vaxtın gəldimi?”, “dərsin başlamasına 10 dəqiqə qalıb, hazırlaş” deyərək uşaqları sınamaq olar . Valideyn ev tapşırıqlarının yerinə yetirilməsinə yalnız nəzarət edə bilər, prosesdə iştirak edə bilməz.

Statistikaya görə, məktəbə tez getməyə başlayan uşaqlar ev tapşırıqlarını yerinə yetirməkdə çətinlik çəkirlər. Çünki onlar diqqətini uzun müddət cəmləyə bilmir. Bunun üçün də müəllimlər tapşırıqları uşaqların yaş və qavrama səviyyəsinə uyğun verməlidirlər.
Bundan başqa müəllimlər dərsdə sinfin ən yaxşı və ən pis oxuyan şagirdini nümunə kimi göstərməməlidir.Yəni, təlim zamanı bütün şagirdlərə fərdi yanaşılmalıdır. Uşaqlara hədsiz dərəcədə çox dərs, tapşırıq da vermək olmaz. Misal üçün, 1-ci sinif şagirdi ilə 30 dəqiqədən çox məşğul olsaq istədiyimiz nəticəni ala bilməyəcəyik.

Hər bir uşağın yaş və fərdi xüsusiyyətlərini nəzərə alıb problemimizi həll edə bilərik.

Digər yandan, eyni böyüklər kimi, uşaqlar da zorla etdiyi şeydən heç bir zövq almayacaq. Hətta, bəlkə, sonradan sevə biləcəyi bir şeyi əvvəldən zorla etdiyini hiss edərsə, o işdən soyuyub uzaqlaşması da mümkündür. Onun üzərindəki dərs oxuma basqısını azaltmanız bu baxımdan əhəmiyyətlidir. Sizim təlimatlarınız olmadan uşağınız öz alışqanlıqlarını yaratmağa çalışar. Burada əhəmiyyətli nöqtə odur ki, onun bu alışqanlıqları yaranarkən ona rol model olun. Yəni bənzər çalışma alışqanlıqlarını sizdə gördüyü zaman sizi özü üçün nümunə götürmək istəyəcək.

 

Tövsiyyələr:

         Övladınızla aranızda olan ünsiyyətə əhəmiyyət verin. Onunla danışmaqdan çəkinməyin. Uşağınızın gələcəyi üçün narahatlıq keçirməyiniz normal haldır. Amma o, bunu hələ kifayət qədər anlamayacaq. İndiki zamanda yaşamağın dadını çıxardan uşaqlar biz böyüklərin etməklə cavabdeh olduğu planlar qarşısında sıxılır. Bu vəziyyətdə ona narahatlığınızı çatdırmaq yerinə, irəlidə nələr etmək istədiyi ilə bağlı suallar verin.
Astronavt və ya həkim olmağa qərar veribsə, onun bu peşələr haqqında daha həvəsli olması üçün bəzi maraqlı məlumatlar toplayın. Beləcə, onu dərs oxumağın niyə əhəmiyyətli olmasına gizlicə həvəsləndirmiş olarsınız.

Hədəflərin onu daha çox cəzb etməsi üçün əvvəlcə kiçik addımlar atması ilə bağlı ona yol göstərin.

Kiçik-kiçik tamamlanan addımlar böyük və çatması çətin olan hədəflərə nisbətən daha maraqlı olur və müsbət nəticələr verir.

Bacardığını görən uşağın özünə olan güvəni inkişaf edir.

Uşaqlarınız çox dərs hazırlamaqdan yorularaq, “niyə dərs hazırlayıram?”, “Çalışdıqlarım heç bir işə yaramayacaq”, - deyə bilər. Bu zaman ona belə cavablar verməyin - qarşıda yaxşı bir universitetdə oxumaq, gözəl bir işə sahib olmaq üçün oxumalısan. Çünki yaxşı bir gələcək fikri hələ onun beyninə oturmayıb. Hazırda yaşadığı hal ona xoş gəlir və hələ sahib olmadığı gələcək üçün niyə əziyyət çəkim deyə soruşa bilər.

Uşağınızı dərs oxumağa təşviq edərkən ona mehriban şəkildə qayğı göstərin. “Gəl, dərsini oxu”, “tez dərslərini hazırla” kimi əmr cümlələrindən istifadə etməyin.

Əgər uşaqlarınızda dərs oxumağa meyl yaratmaq istəyirsinizsə, əvvəlcə onlarla bilik yarışları, əzbər yarışı, yüksək səslə oxuma kimi oyunlar tərtib edin.

Onun dilindən danışmağınız, onu anladığınızı göstərməniz, uşağınızın sizə güvən duyub açılmasını və sizə qarşı cavabdeh kimi davranmasını təmin edəcək.

Mütəxəssislər bildirir ki, əslində valideynlər uşaqlarının dərs oxumaqdan yayınmasını çox emosional qarşılayırlar: "Düzdür, uşağın yaxşı təhsil alması onun gələcəyi üçün önəmlidir. Bu səbəbdən də məsuliyyətli valideynlər narahatlıq keçirirlər. Digər tərəfdənsə həssas və emosional yanaşma vəziyyəti obyektiv qiymətləndirməyə imkan vermir. Xüsusilə də uşaq hər gün bu cür davranarkən valideyn ruhdan düşür. İstər-istəməz öz uşaqlıq illərini, dərsdən yayınmaq cəhdlərini, uğursuzluqlarını xatırlayır. Əgər valideyn həyatda istədiyinə nail olmayıbsa, onun narahatlığı daha da artır. O, uşağının gələcəyinə görə qorxuya düşür. Valideynlərin bir qismi isə dərsləri və tədris üsullarını öz məktəb illəri ilə müqayisə edir, hər şeyin dəyişdiyini görürlər. Bu da onlarda çaşqınlıq yaradır. Bəzi valideynlər isə uşağın ev tapşırıqlarını özləri anlamaqda çətinlik çəkir və uşağın bunun öhdəsindən necə gələcəyindən narahat olurlar. Valideynin narahatlığını uşaq hiss edəndə isə dərs etməyin çox pis olduğunu düşünür".

Uşağı dərslərinə görə çox danlamaq, nailiyyətlərinə qiymət verməmək də onun dərsə qarşı neqativ münasibətinin yaranmasına səbəb olur. Daim tənqid olunan, valideyn tərəfindən bəyənilməyən uşaq sonunda çalışmaq istəmir. Bu, ona görə baş verir ki, uşaq dərslərini yaxşı oxuya, uğur qazana biləcəyinə artıq inanmır. Ev tapşırıqlarını etməksə onun üçün əsl işgəncəyə çevrilir. Bunu anlamayan valideyn isə uşağını çox pis vəziyyətdə qoyur. Bir növ onun yenicə çıxan qanadlarını kəsir. Uşaqların məcbur dərs oxuması isə effekt vermir. Onlar həmyaşıdlarından geri qalmağa başlayırlar. Belə ki, həvəssiz etdikləri ev tapşırıqlarını nə qavrayır, nə də yadda saxlaya bilirlər.

Psixoloqlar məsləhət görürlər ki, valideyn uşağa ev tapşırıqlarını etməyə kömək edərkən, onun dərs oxumasına nəzarət edərkən sakitləşməyə çalışmalıdır: "Bunun üçün valideyn öz-özünə yorulduğu və ya əhvalı pis olduğu üçün əsəbiləşdiyini etiraf edə bilər. Bunu uşağı ilə də bölüşüb ona "yorğun olduğum üçün çox əsəbiyəm. Yəqin ki, sən də məktəbdə yorulub gəlmisən. Ona görə də gəl bir-birimizi əsəbləşdirməyək və başa düşək" deyə bilər. Hətta övladına uşaqlığı ilə bağlı xatirələrini də danışa bilər. Xüsusilə də, uşağı məktəbdəki qarşılaşdığı çətinlikləri dəf edə biləcəyinə inandırmaq lazımdır. Ona məktəbdə istər dərslərində, istərsə də sinif yoldaşları və müəllimləri ilə münasibətdə yaranan çətinliklər böyük problem kimi görünür. Özünə güvən hissi aşağı olan uşaqlar isə bu problemləri həll edə bilməyəcəklərindən qorxurlar".

Əslində, valideynlər özlərini müəllim kimi aparmamalıdırlar. Valideynlər övladını çox sıxmamalı, onu hədsiz tapşırıqlarla yükləyərək, çox tələbkarlığı ilə uşağın həyata olan sevgisini öldürməməlidirlər. Lakin övladlarının daha yaxşı təhsil alması üçün onu dərs oxumağa həvəsləndirməli, dünyagörüşünü artırmalı, onun üçün müxtəlif maraqlı məşğuliyyətlər təşkil etməlidirlər. Uşaqları intellektual oyunlara, bacarıqlarını inkiaf etdirən müxtəlif dərnəklərə və ya kurslara cəlb etməlidirlər. Bu zaman fikir vermək lazımdır ki, uşaq üçün seçdiyiniz məşğuliyyət və oyunlar ürəyincə olsun. Əks təqdirdə nəticə yaxşı olmayacaq. Uşaq özünü əzgin və passiv hiss edəcək. Valideynlər onu da nəzərə almalıdırlar ki, uşaqların daim yeni nəsə öyrənməyə ehtiyacları var. Onların bu tələbatını müxtəlif oyun, kitab, dərs vəsaitləri, testlər, yaşları azdırsa, oyuncaqlar da ödəyə bilər. Valideyn əsəbiliyi və yorğunluğu ilə bacara bilmirsə, ailənin başqa üzvlərinin köməyindən istifadə edə bilər. Bu da yaxşı nəticə vermirsə və uşaq dərslərini etməkdən imtina edirsə, bu zaman repetitora müraciət etmək lazımdır.