Thumbnail

İnklüziv təhsil nədir?

 

 

 

 

 

 

 

      Hər bir uşağın pulsuz təhsil almaq hüququ vardır. Sağlamlıq imkanları məhdud olanlar uzun illərdir ki, təhsil almaqla bağlı bir sıra çətinliklərlə üzləşirlər. Onların üzləşdiyi çətinliklərin obyektiv və subyektiv səbəbləri var. Bəzən valideynlər sağlamlıq imkanı məhdud olan uşaqlarından utanaraq onların sosiallaşmasına şərait yaratmaqdan çəkinirlər. Cəmiyyətin özü belə uşaqlara qarşı laqeydlik nümayiş etdirdiyindən sağlamlıq imkanları məhdud uşaqlar həyatlarını dörd divar arasında keçirmək məcburiyyətində qalırlar. Son illər istər məktəbəqədər, istərsə də orta təhsil sahəsində aparılan islahatlar sağlamlıq imkanı məhdud övladı olan valideynlər üçün yeni ümidlər yaradıb.

 

İnklüziv təhsil ümumi təhsilin inkişafı prosesidir. Təhsilin bütün uşaqların müxtəlif ehtiyaclarının ödənilməsi baxımından hamı üçün əlçatan olmasını nəzərdə tutur. Bu xüsusi qayğıya ehtiyacı olan uşaqların da təhsil almasını təmin edir.

İnklüziv təhsil anlayışı insan hüquqları prinsipinə əsaslanır. İnsan Hüquqları  Konvensiyasına görə, dövlətlər elə bir təhsil sistemi qurmalıdır ki, təhsilalma hüququ hər bir uşağa şamil edilsin. Azərbaycan Respublikası İnsan Hüquqları Konvensiyasını 1992-ci ildə imzalayıb və respublikamızda yaşayan hər bir uşağın təhsil alma hüququnu qorumağı öz üzərinə götürmüşdür.

Qeyd etmək lazımdır ki, dünyanın bir çox ölkələrində (Böyük Britaniya, ABŞ, İsveçrə və s.) xüsusi qayğıya ehtiyacı olan uşaqlar  digər yaşıdları ilə birlikdə ümumtəhsil məktəblərində təhsil alır və uşaq bağçalarına gedirlər. İnklüziv təhsilin inkişafı dünyanın bir çox ölkələrinin təhsil siyasətinin əsas prioritetlərindəndir və ümumiyyətlə, hər hansı bir ölkənin təhsil sisteminin beynəlxalq prinsip və standartlara uyğunlaşdırılması məqsədini daşıyır.

 

Müasir dövrdə inklüziv təhsil dedikdə uşaqların məktəbəqədər müəssisələrdə, orta təhsil məktəblərində dərs alması prosesi nəzərdə tutulur ki, bunun da xüsusi tələbləri var. Təlim metodikasına müvafiq olaraq inklüziv təhsil uşaqlara qarşı hər hansı formada ayrı-seçkilik edilməsinin qarşısını alır, müxtəlif nevroloji və ya psixi xəstəlikləri olanlara belə mükəmməl şəkildə təhsil almaq, uğur qazanmaq imkanı verir. Onun əsas vəzifəsi məhdud imkanlara malik insanların peşə hazırlığı üçün sərhəd tanımayan mühit yaratmaqdır.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların daha keyfiyyətli təhsilə yiyələnməsi, cəmiyyətə daha tez adaptasiyası üçün digər yaşıdları ilə bir yerdə olması daha məqsədəuyğundur

İnkulizv təhsilin bir çox komponentləri vardır:

İnkluziv təhsillə əməkdaşlıq;

Qiymətləndirmə;

Fərdi tədris proqramı;

İnkluziv təhsildə reabilitasiya xidmətinin təşkili

İnkluziv təhsildə pedaqoq və psixoloqların rolu

İnkluziv təhsildə digər xidmətlərin təşkili

İnkluziv təhsildə valideynlərlə işin təşkili

Peşə təhsili və s.

İnkluziv təhsilin məktəbəqədər müəssisə və məktəblərdə uğurlu inteqrasiyanın təmin olunması zamanı aşağıdakı faktorlar diqqətdə saxlanılmalıdır.

İntellekt və emosional sahənin inkişafı;

Stressə qarşı dözümlülüyün və özünəinamın inkişafı

Dünya təcrübəsinə əsaslanaraq xüsusi qayğıya ehtiyacı olan uşaqların peşə təhsilinin aşağıdakı kimi reallaşması vacibdir:

Peşə təhsili təlimlərinin praktiki olaraq, müvafiq  iş yerlərində təşkili; 

Xüsusi qayğıya ehtiyacı olan gənclərin öz tipik yaşıdları, iş yoldaşları ilə birlikdə təcrübə keçirməsi;

Həyatı bacarıqların öyrədilməsinə üstünlük verilməsi;

Peşə təhsilinin əsasən iş yerlərində həyata keçirilməsi;  

Peşə təhsilindən sonra gənclərin imkan daxilində yaşadıqları yerə yaxın ərazidə işlə təmin edilməsi.

Məktəbəqədər uşaq müəssisələri xüsusi qayğıya və təhsilə ehtiyacı olan uşaqları qəbul edir, sosial status, irqi, fiziki, emosional və intellektual inkişaf səviyyələrinə görə differensasiya etmədən onlara təlabata uyğun xüsusi psixo-pedaqoji şərait yaradır.

Məktəbəqədər təhsil müəssələrində mövcud psixoloji durum mühüm əhəmiyyət kəsb edir. Müəllim kollektivinə mənəvi və metodiki dəstək təlim-tərbiyənin düzgün təşkilində vacib məsələlərdəndir. Bağçada oyuncaqla oynamayan uşaq inkişafdan geri qalır. Ona görə də, balacalara oyuncaq və əşyalar vasitəsilə manipulyasiya etməyi öyrətmək lazımdır. Bu proses onlara əşyalarla bağlı əsas hərəkətləri (vurmaq, silkələmək, dartmaq, itələmək və s.) öyrədir. Daha çox "reaksiya” verən (məsələn, səs çıxaran və ya şəklini dəyişən) oyuncaqlar tövsiyə olunur. Oyun prosesində  ehtiyac olarsa, pedaqoq yardım edə bilər.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların tipik yaşıdları ilə təhsilə birgə hazırlanması üzrə məsuliyyət mahiyyət etibarı ilə daha çox psixoloq və tərbiyəçilərin üzərinə düşür. Ümumiyyətlə,  korreksiyaedici xidmət dedikdə, öncə onların təhsilə daha tez uyğunlaşması, uşaqlarla effektiv ünsiyyət qura bilməsi nəzərdə tutulur. Məsələn, uşaq bağçalarında, yaxud məktəbəqədər hazırlıq müəssisələrində tərbiyəçilərin əsas rolu aşağıdakı funksiyaları həyata keçirməkdən ibarətdir: uşaqlarda kollektivçilik, əmək vərdişləri, davranış, etik və əxlaqi keyfiyyətlərin inkişaf etdirilməsi, dünya haqqında ilkin təsəvvürlərin yaradılması və s. Bir sözlə, məktəbə hazırlıq prosesində pedaqoq uşağı fiziki və mənəvi cəhətdən tərbiyə edir,cəmiyyət tərəfindən müəyyən edilmiş vəzifələrə uyğun şüurlu fəaliyyətə hazırlayır.

İnklüziv təhsilin məqsədi:

YUNESKO özünün inklüziv təhsil yanaşmasını üç fərqli əsasda izah edir:

 

  • Təhsilin öhdəliyi: İnklüziv məktəblər şagirdlərin fərdi xüsusiyyətlərini və bütün şagirdlərin üstünlüklərini nəzərə alan kurikulumlar hazırlamalıdırlar. Təhsildə standartlaşdırmadan daha çox, tələbələrin ehtiyaclarına və fərdi öyrənmə performanslarına uyğun olaraq şaxələndirilmiş yanaşmaya üstünlük verildikdə, bütün tələbələr öz öyrənmə proseslərindən daha çox faydalana bilirlər.
  • Sosial öhdəlik: İnklüziv məktəblər münasibətlərdə gözlə görüləcək qədər dəyişiklik yaratmaqla daha ədalətli cəmiyyətin əsasını təşkil edir.
  • İqtisadi öhdəliklər: İnklüziv məktəblər müxtəlif tələbə qrupları üçün müxtəlif tipli məktəblərə malik təhsil sistemindən daha az xərcli olduğundan bütün tələbələri birlikdə öyrədir və cəmiyyətdə qeyri-bərabərliyi azaldır.

İnklüziv təhsil və üstünlükləri:

 İnklüziv təhsil bütün şagirdlərin seçdikləri məktəblərdə həmyaşıdları ilə birlikdə təhsil almasını, məktəb həyatında tam iştirakını və dostluq münasibətləri qurmalarını, kurikulum öyrənmə bacarıqlarını,məktəb mədəniyyəti,tədris təcrübələrini,gələcəkdə sərbəst şəkildə özünü ifadə etmə bacarığını,müstəqil həyata davam etmə bacarıqlarını formalaşdıraraq cəmiyyətə yararlı fərdlər yetişdirir.

İnklüziv təhsil və çətinlikləri.

            İnklüziv təhsil və çətinlikləri deyildikdə, bu proses müddəti həm uşaqlar, həm müəllimlər, həm də valideynlər üçün heç də asan keçmir deyə bilərik. Hər bir müəllim inklüziv sinifdə dərs deməyə hazır olmur. Fiziki və əqli qüsurlu uşaqlar müəyyən zaman sonra çox insanın toplaşdığı bir mühitə düşdükləri üçün uyğunlaşmaları xeyli zaman alır, həmçinin daha çox diqqət tələb edirlər. Eyni zamanda sinifdəki digər şagirdlərin də uyğunlaşması zaman alır. Həmçinin valideynlərin üzərində daha çox  öhdəlik düşür ki, uşaqların dərslərinə kömək etmələri çox əhəmiyyətlidir.

İnkluziv təhsil olduqca faydalıdır. Çünki bu təhsilin əsas məqsədi uşaqların yalnızca təhsil hüququnu bərpa etməklə bitmir, eyni zamanda cəmiyyətə inteqrasiya etmələrini, gələcəkdə iş tapa bilmə imkanlarını artırır, özlərinin sərbəst qərar vermə imkanlarını ortaya çıxarır.

Hər bir uşaq İnklüziv təhsil ala bilər. Uşaqlarımızı cəmiyyətə qazandırmaq, faydalı gənclər yetişdirmək yolunda uğurlu addımlardan biridir.

 

Təhsil Nazirliyinin  son illər həyata keçirdiyi ən uğurlu layihələrdən biri kimi məhz inklüziv təhsillə bağlı layihə hesab olunur. Belə ki, ölkəmizdə  “İnklüziv təhsil layihəsi”nin icrasına 2005-ci ildən start verilib.

Ölkə başçısı İlham Əliyevin 14 dekabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq olunan “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” da məhz  sağlamlıq imkanları məhdud uşaqların təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməsində və onların təhsili üçün maneəsiz mühit yaradılmasında geniş imkanlar yaradır.