Temperament tipinin şəxsiyyət müstəvisində təzahürləri
Hər bir uşaq müsbət, faydalı, balanslı valideyn rəftarının və mühitin təsiri ilə öz temperament tipinə xas sağlam şəx- siyyət formasına yiyələnə bilər. Əksinə, neqativ, dalaşqan, ziddiyyətli valideyn rəftarının və mühitin təsiri nəticəsində uşağın öz temperament tipinin qeyri-sağlam şəxsiyyət formasına yiyələnməsi mümkündür. Bu ikisinin arasında bir vəziyyət də mümkündür ki, buna həmin temperamentə xas orta şəxsiyyət forması deyilir. Lakin unutmayaq ki, fərd əlverişsiz və xoşagəlməz şəraitə baxmayaraq, düzgün prinsip, düşüncə və analiz qabiliyyəti sayəsində sağlam davranışlara da yiyələnə bilər.
Temperament tipi anadangəlmə və dəyişməz olsa da, şəxsiyyətin davranış, yanaşma və mövqeyinin inkişaf et- məsi və dəyişməsi mümkündür. Temperament çəyirdəyə bənzəyir. Şəxsiyyət isə həmin çəyirdəyin ağaca çevrilmiş vəziyyətidir. İki eyni çəyirdəkdən biri əlverişli şəraitdə qollu-budaqlı, sağlam ağaca çevrildiyi halda, digəri əlve- rişsiz şəraitdə xəstə və çürük ağac olur. Bağban çəyirdəyi dəyişə bilməz, ancaq məhsuldar, yaxud qeyri-məhsuldar şəraitdə yetişdirmək onun öz əlindədir.
|
Məsələyə bu yöndən baxanda təhsil və tərbiyənin nə qədər vacib olduğu ortaya çıxır. Təhsil, tərbiyə və s. kənar amillər temperament tipini dəyişdirmir, ancaq temperament tipinin müsbət və ya mənfi formada özünü göstərməsində mühüm rol oynayır. Hər bir temperament tipi potensial risk olaraq sağlam və qeyri-sağlam davra- nış xüsusiyyətlərini daşıyır. Əlverişsiz şəraitdə ət iylənir, dəmir paslanır, ağac quruyur. Eləcə də hər bir tempera- ment tipinin potensial riskləri əlverişsiz mühitdə ortaya çıxır. 9 temperament modelində temperament əsasında formalaşan davranış xüsusiyyətləri üç əsas kateqoriyaya bölünür:
Nümunə olaraq “tip 8”in sağlam, orta və qeyri-sağ- lam davranış potensialına baxaq:
Sağlam davranış səviyyəsi: Özünə arxayın və güclüdür, gücündən lazımlı məqamlarda istifadə edir, təhlükələri hiss edir və ağıllı tədbirlər görür, qayğıkeş və şəfqətli rəftarı ilə seçilir. Qarşıdurma zamanı düşünüb tədbir görür, ilk növbədə ortaq məxrəcə gəlmək üçün yol axtarır. Mərhəmətli, səxavətlidir, bağışlamağı bacarır və təmkinli davranır.
Orta davranış səviyyəsi: Rədd ediləndə və ya dəstək gör- məyəndə dava-dalaş salır, məqsədinə çatmaq üçün təzyiq göstərir, arzularının dərhal həyata keçməsini inadla istəyir, ipə-sapa yatmır, dözümsüz olur. Bir təhlükə və problemlə üzləşəndə dərhal gücdən istifadə etməyə yönəlir və ətrafını idarə etməyə çalışır.
Qeyri-sağlam davranış səviyyəsi: Böyüklərin onu idarə etmək və ona xəbərdarlıq etmək cəhdlərinə meydan oxu- yur. Hər an əsəbiləşməyə hazırdır. Heç bir məhdudiyyət və qaydanı qəbul etmir. Qaydaların düzgün olub-olmadığını düşünmədən qarşı çıxır. Ölçüsüz güc tətbiq edir, dava sal- maq üçün bəhanə axtarır, zorakılığa meyillidir. Qəddardır, günahlandırılsa belə, vecinə almır, çevrəsini öz əmrlərini yerinə yetirməyə məcbur kölələr kimi görür.
"Tip 6"nın sağlam, orta və qeyri-sağlam davranış potensialına nəzər salaq:
Sağlam davranış səviyyəsi: Sədaqətli, etibarlı, özünə- inam hissi güclüdür. Neqativ ehtimal və hadisələrlə üz- ləşəndə sakitcə düşünüb qərar verir və yeni vəziyyətə uyğunlaşır. Əməkdaşlığa hazırdır, öz ehtiyaclarını özü qarşılamağı bacarır, intuisiyası itidir, cəsur və qorxmazdır. Orta davranış səviyyəsi: Özünə və verdiyi qərarlara tam arxayın deyil, etibarlı insanlara ehtiyacı var, etibarlı böyüklər (valideyn və s.) axtarır ki, güvənsin. Xoşagəlməz ehtimal və hadisələrlə üzləşəndə qorxu və narahatlıq keçi- rir, tədbir görür, tez təşvişə düşür. Münasibətlərində inam problemi ilə üzləşir, skeptik, ifrat ehtiyatlı, bədbindir, tez ümidsizliyə düşür və təhlükə qarşısında impulsiv davranır. Qeyri-sağlam davranış səviyyəsi: Həddən artıq təlaş keçirir, hər şeydən şübhələnir. Bir tərəfdən kömək gözlədiyi halda, digər tərəfdən də əmin olmadığı üçün kömək edənlərə qarşı qəzəbli və aqressiv davranır. Həddən artıq qorxu və təlaş keçirdiyi üçün çevrəsinin ona zərər verəcə- yini və pis niyyətdə olduğunu düşünür. Daima çevrəsini günahlandırır, hər cür kömək və əməkdaşlığa şübhə ilə yanaşır və qapıları onların üzünə “bağlayır”, narahatlığı ucbatından aqressiv və əsəbi reaksiya verir.
"Tip 2"nin sağlam, orta və qeyri-sağlam davranış potensialına nəzər salaq:
Sağlam davranış səviyyəsi: Empatiya qurmağı bacarır, ürəyiyumşaqdır. Əvəz gözləmir, öz dəyərini özündə tapır. Özünü göstərməyə ehtiyac duymur. Təşəkkür və hörmət gözləmədən sadəcə sevir və kömək edir, təsdiq və təqdirə ehtiyac hiss etmir. Özü sevilməsə belə, insanları insan olduğu üçün sevir, nəzakətli, səbirli və təvazökardır.
Orta rəftar və davranış səviyyəsi: İnsanlara yaxın olmağa çalışır, dostcanlıdır, hisslərini ifadə etməyə eh- tiyac duyur. İnsanları məmnun etməklə səmimi münasi- bət qurmağa çalışır. İstəklərini təkidlə gerçəkləşdirməyə çalışır. Münasibətlərində mühafizəkar və qısqancdır, tez inciyib küsür.
Qeyri-sağlam davranış səviyyəsi: Münasibətlərində qarşı tərəfə təzyiq göstərir, inadkarlıq edir, ifrat dərəcədə emosional reaksiyalar verir, qarşılıq görməyəndə inciyib əsəbiləşir. Layiqincə təqdir edilmədiyini düşünüb daima şikayətlənir. Münasibətlərində ifrat sevgi və ifrat nifrət səviyyəsində kəskin çalxalanmalar baş verir. Hər söz və davranışın altında bir eyham və özünə qarşı qərəz axtarır, layiq olduğu dəyəri heç vaxt görmədiyini düşünərək qəzəbli və kobud davranır.
“Tip 7”nin sağlam, orta və qeyri-sağlam davranış potensialına nəzər salaq:
Sağlam davranış səviyyəsi: Çevrəsinin ehtiyac və göz- ləntilərinə öz ehtiyac və gözləntiləri qədər əhəmiyyət ve- rir. Fikrini cəmləməyi bacarır, diqqəti asanlıqla dağılmır. Həyatı bütün ağrılı və zövqlü yönləri ilə birlikdə “qucaq- layır”. Çətinliklərdən qaçmır, şəfqətli və azad ruhludur. Eyni zamanda hər şeyə görə məsuliyyət daşıdığını bilir və öhdəliklərinə ciddi yanaşır.
Orta davranış səviyyəsi: Macərapərəstdir, praktik ağlı vasitəsilə qısamüddətli çarələr tapır. Diqqətini cəmləməkdə çətinlik çəkir. Daima yeni şeylər axtarışındadır. Çevrəsinin ehtiyaclarına o qədər də həssas yanaşmır. Bir işi görüb qurtarmaqda çətinlik çəkir və bəzən yarımçıq qoyur. Çətin və yorucu öhdəliklərdən qaçır, zövq və həzz verən fəaliy- yətlərdən doymur. Səhv və qorxuları ilə üz-üzə gəlmək istəmir, məsuliyyət hissi zəifdir.
Qeyri-sağlam davranış səviyyəsi: Çox tez sıxılır və bezir, çərçivəyə salınanda və maneələrlə qarşılaşanda aqressiv davranır və əks reaksiya verir. Çox eqoistdir, təkcə özünü fikirləşir. Məsuliyyətsiz davranır, hərəkətlərinin nəticəsi- ni düşünmür, başqalarına xor baxır və alçaldır. Hər şeyə haqqı çatdığını düşünərək tələbkar davranır. Təlaş və qorxu hissini boğmaq üçün daim hərəkətdə olur. Zövq hərisidir, heç bir sərhəd tanımır, gününü gün etməklə məşğul olur, ancaq öz istəklərini reallaşdırmağa çalışır.
Yuxarıda qeyd edilən sağlamlıq səviyyələri və imkanlarından bu nəticə çıxır:
Temperamentin özülü, çəyirdəyi əsasən yaxşı və müsbət xüsusiyyətlərdən ibarət olur. Ancaq bəzi çatışmazlıq və risklər də mövcuddur.
Bir insan mənfi risklərlə qarşılaşanda bunu dəyişməz tale saymamalıdır. İnsan özünü və başqalarını həmin mənfi hallarla təsvir etməməlidir. |
Bir insan mənfi risklərlə qarşılaşanda bunu dəyişməz tale saymamalıdır.
İnsan özünü və başqalarını həmin mənfi hallarla təsvir etməməlidir.
Məsələn, “tip 2”nin özülündə normal səviyyədə küsə- yənlik var. Lakin bu küsəyənliyin anormal və ifrat dərəcədə olması anadangəlmə deyildir. Əgər insan özündəki kü- səyənliyin ifrat və anormal olduğunu görsə, bunu dəyiş- dirmək və normal vəziyyətə endirmək üçün çalışmalı və son nəticədə o xüsusiyyətini dəyişdirməlidir. “Mən “tip 2” olduğum üçün küsəyənəm, neyləyə bilərəm?!” deyib ifrat küsəyənliyə haqq qazandırmaq və ya bu xüsusiyyətin də- yişməyəcəyini zənn etmək böyük xətadır.
Həmçinin təhlükədən qorxmaq və çəkinmək "tip 6" üçün təbii davranışdır. Lakin qorxunun anormal dərəcədə və həddən artıq olması yanlışdır. Qorxulu bir şey olmadığı halda qorxmaq, gələcəyə aid mənfi ehtimalları fikirləşib narahatlıq keçirmək səhv və lazımsız hərəkətdir.
Əsas məsələ bütün hallarda tarazlığı və ölçünü qorumaqdır. Fərd bəzən ölçü və tarazlığı qoruya bilməyib
ifrata varır. Bu vəziyyətin fərqinə varıldıqda tarazlıq və ölçünü yenidən bərpa etmək üçün lazımınca cəhd və səy göstərilməlidir.