Thumbnail

Uşaqlar niyə yemək yemir?

Yemək yemək – 0-6 yaş aralığında valideynlər tərəfindən xüsusilə vurğulanan problemlərdəndir.  “Həvəslə yemək hazırlayıram ,amma bir tikə belə yedirə bilmirəm, mənimlə inadlaşır, sözümə qulaq asmır, ancaq televizor qarşısında yedizdirə bilirəm, başqalarının uşaqları necə rahat yeyir ,amma mənimki böyük bir faciəyə çevrilir, başqası verəndə yeyir ,amma mən verəndə ağzını belə açmır, yemək saatlarında çığırıb-bağırmaqdan yoruldum artıq!”

Əgər siz də bu və buna bənzər hislərdən şikayət edirsinizsə, uşağınızın sağlam inkişafı üçün gərəkli olan yemək yemək ehtiyacı problem halını almağa başlamış deməkdir.

Bəs bu problem niyə yaranır?

Uşaqların çox kiçik yaşlardan etibarən özlərinin iradəsi və nəzarətində  olduğunu kəşf etdikləri iki əsas məsələ var : Yemək yemək və tualet vərdişləri. Uşaqlar hələ körpəlik çağlarından yemək yeyərək və ya yeməyərək ailələrini sanki idarə etdiklərinin fərqinə varırlar. Fərqinə varırlar ki, yemək yemə saatları gəldikdə müxtəlif narahatlıqlar və kaprizlər sərgiləyərək,valideynlərinin diqqətini çəkə və hirsli olduqları ata-anadan bu yolla qisas ala bilirlər. Qidalanma uşağın böyümə və inkişafında çox mühüm rol oynadığı üçün valideynlər  bu mövzuda xüsusi həssas və inadkar davranırlar. Uşaq nə qədər çox yeyərsə, o qədər  sağlam olar düşüncəsiylə  hər dəqiqə nəsə yedirməyə çalışırlar və uşaq bundan imtina etdikdə isə özlərini yetərsiz və bacarıqsız bir ana  obrazı kimi görürlər. Və məhz yemək yemə prosesi zamanı anasının belə həssaslığını görən uşaq bunu ona qarşı istifadə etməyə başlayır,buna görə də başqası rahatca yedizdirə bilərkən ananın bunu edə bilməməsi onda komplekslərə və xəyalqırıqlığına gətirib çıxarır. Yedirtmə zamanı ananın üzüldüyünü və ya əsəbiləşdiyini görən uşaq daima  bu cür davranmağa davam edir. Yemək prosesində başlanan bu aqressiya gün ərzində digər mövzularda da davam edə bilir. Və bütünlüklə ana-uşaq ünsiyyətində  uçurumlara gətirib çıxarır.

Valideynlərin uşaqların yeməyinə qarşı göstərdikləri bu həsasslıq sadəcə onların beyinlərində formalaşan yaxşı ata-ana olmaqla  bağlı deyil. Ətrafdakı,xüsusilə də öz ata-anaları və ailənin digər böyükləri tərəfindən göstərilən psixoloji təzyiqin də bu prosesdə olduqca böyük rolu vardır.

  Bu uşağa heç yemək vermirsiniz? Çox solğun görünür!”, “ Ac qalır bu uşaq baxın xəstə olacaq!” “ Mən gələndən ağzına bir tikə də almayıb,bu necə uşaq böyütməkdir!”,          “ Uşağa heç sulu yemək vermirsiz, belə uşağa baxarlar?!”,   “ Çox zəifdir,uşaqla heç maraqlanmırsınız?”

 Kənardan ifadə edilən bu və bunun kimi fikirlər ,ata-ananın çox sıx məruz qaldığı təzyiqlərdəndir. Və bütün bunlar bir tərəfədən valideynləri əsəbiləşdirərkən digər tərəfdən də onlarda günahkarlıq hissinə yol açır. Belə duyğu və düşüncələrlə köklənən ata-ana inadçı bir şəkildə uşaq ilə yemək yedirtmə mübarizəsinə girir. Müşahidələr də göstərir ki, çox vaxt da uğursuzluqla nəticələnir və bütünlükdə ailə psixoloji travma alır.

 

Elə isə nə etməli?

  • Öncəliklə yadda saxlamlı, uşağın inkişafı üçün çox yeməsi lazım deyil, sağlam qidalanması kifayətdir.
  • Uşağınızı digər uşaqlar ilə müqayisə etməyin! Hər bir orqanizmin ehtiyac duyduğu maddələr və inkişaf tezliyi fərqlidir.
  • Övladınızın ehtiyaclarına,sizdən nə gözlədiyinə və nə istədiyinə qulaq verin. Doğrudur, ilk illərdə qidalanma əsas meyarlardan biridir,amma böyüdükcə uşaqlarınız sizinlə daha çox vaxt keçirmək,paylaşmaq,oynamaq istəyəcək. Onun bu ehtiyaclarını yetərincə qarşılasanız yemek problemi də yavaş-yavaş aradan qalxacaq.
  • Unutmayın, uşaq acanda onsuzda yemək istəyəcək. Ona ac olduğunun fərqinə varmasına icazə verin. Bir az bundan ye. Bəlkə başqa şey bişirim? Bundan istəyirsən? Bəlkə bir az dadına baxasan? Kimi ifadələrlə sürəkli üstünə getməyin. Bu onu daha da qıcıqlandıracaq.
  • Uşağı masada oturub yeməyə təşviq edin. Yemək masasını sıxıntılı bir yer deyil,əksinə bütün ailənin bir araya gəldiyi,əyləncəli bir yer olaraq ona göstərin. Bütün ailənin birlikdə eyni masa arxasında yemək yeməsi uşağa şüuraltı da olsa müsbət mesajlar verəcək.
  • Sadəcə yemək yemə saatlarında ona yemək təklif edin. Digər ara vaxtlarda isə atışdırmaq üçün nəsə verməyin. Çünki  kiçik olan mədələri ara vaxtlarda yedikləri xırda şeylərlə dolacaq ona görə də əsas yeməyi rədd edəcək.
  • Yemək yemə prosesi zamanı nə qədər hirslənsəniz də ona qətiyyən bəlli etməyin. Gülümsəyərək və söhbətinizə davam edərək önündəki yemək dolu boşqabı götürün və sakit şəkildə işinizə davam edin.
  • Yemək yemədiyi üçün uşağınızı cəzalandırmayın nə də hədiyyə təklif etməyin. Çünki yemək yemək onun etməsi gərəkən təbii bir ehtiyacdır və bunu özü də başa düşməlidir. Motivasiya etmək istədikdə belə bu əsla maddi hədiyyələr olmamalıdır. Ən yaxşı halda səmimi bir təbəssüm və xoş sözlər deyilməlidir.
  • Yemək yeməsi üçün məcbur etməyin, sözlər verib,nağıllar danışmayın və ya hansısa televiziya verlişi,telefon ilə başını qatıb ağzına yeməyi verməyin və yeməyi evdə onun arxasınca gəzə-gəzə yedirtməyin! Yemək masada yeyilməlidir. Bunu ona qəbul elətdirin.
  • Uşağınızın yeməklə bağlı olan bu problemini o eşidə-eşidə başqası ilə bölüşməyin. Bu ona iki cür təsir edə bilər. Bir , yemək yeməyərək diqqət çəkmə istəyinin işə yaradığını görə bilər və sizi zaman-zaman cəzalandırmaq üçün bundan istifadə edə bilər. Ikinci bir halda isə, sizi üzdüyünü görüb özünü pis uşaq,pis övlad kimi hiss edə bilər ki, bu da onda günahkarlıq hissinə yol açar.

 

Bütün hallarda unutmayın siz nə qədər inad edib, reaksiya versəniz övladınız da sizinlə bir o qədər inadlaşacaq. Bunun yerinə valideyin siyasətiylə onu rahat buraxdığınızı göstərin, onunla daha çox vaxt keçirməyə çalışın. Görəcəksiniz zamanla problem özlüyündən ortadan qalxacaq.