Thumbnail

Bağlılıq nəzəriyyəsi: uşaq şəxsiyyətinin formalaşmasında ana-uşaq münasibətləri

     Uşaqların şəxsiyyət kimi formalaşması məsələsi bütün dövrlərdə aktual  olmuşdur. Bu problemin tədqiqi istər ailənin, istərsə də cəmiyyətin qarşısında duran mühüm və prioritet xarakterli vəzifələrdəndir. Uşaqların şəxsiyyət kimi formalaşması kontekstində bir çox nəzəriyyələr, tədqiqatlar diqqəti cəlb edir. Bunların içərisində “Bağlılıq nəzəriyyəsi” önəmli əhəmiyyətə malikdir. Bu məsələ ilə bağlı bir çox tədqiqatlar aparılmışdır. Psixoanalizin davamçılarından hesab olunan Con Boulbi sonradan psixoanalitik nəzəriyyənin körpənin qidaya olan tələbatlarını ön plana çıxardığını, ana ilə bağlılığı ikinci dərəcəli tələbat kimi nəzərdən keçirməsini əsas gətirərək sözügedən yanaşmanı tənqid etmişdir. Con Boulbinin “Bağlılıq nəzəriyyəsi” nin kökləri Z. Freydin psixoanalizinə, E. Eriksonun “Mərhələli inkişaf nəzəriyyəsi” nə, C. Dollard (C.Dollard) və H. Müllerin (NealElgarMiller) “İkinci-əsasdan möhkəmləndirmə və sosial öyrənmə nəzəriyyəsi” nə əsaslanır. Lakin bağlılıq nəzəriyyəsinə ən güclü təsir edən faktorlar Lorensin insanda impritinq ilə bağlı ideyalarının yayılması, Derkinin (Durkin) etoloji yanaşması və darvinizm olmuşdur.

Sonralar bağlılıq nəzəriyyəsi kanadalı psixoloq, inkişaf psixologiyası üzrə tədqiqatçı Meri Eynsvors tərəfindən davam etdirilmiş və zənginləşdirilmişdir. Nəzəriyyənin nəinki bir çox variantları meydana çıxmış, həm də  bağlılıq nəzəriyyəsinə istinad etməklə uşaqlarda şəxsiyyət keyfiyyətlərinin normal inkişafının təmin edilməsi üçün ailə mühitində tərbiyənin həyata keçirilməsi, uşaqların sosializasiya, adaptasiya, o cümlədən ünsiyyət və emosional problemlərinin korreksiyası ilə bağlı tədqiqatlar həyata keçirilmişdir.

Bağlılıq nəzəriyyəsinin əsasında insanlar arasındakı münasibət, onların şəxsiyyətlərarası əlaqələri dayanır. Bu, şəxsiyyətin ruhi və psixoloji strukturunu-insanın özünə və dünyaya münasibətini, müxtəlif hiss və həyəcanını, idrak və yaradıcılıq qabiliyyətlərini və başqa xüsusiyyətlərini müəyyən edir. Bağlılıq nəzəriyyəsi tərəfdarlarının araşdırmaları əsasında erkən uşaqlıq dövründə əldə edilmiş münasibətlərin təcrübəsi və bundan irəli gələrək onun şəxsiyyətinin formalaşması dayanır. Tədqiqatda digər bir önəmli cəhətə diqqət yetirək! Bağlılıq nəzəriyyəsinin psixologiya, psixiatriya və psixoterapiyada qeyd edilən uşaq şəxsiyyətinin inkişafı və xüsusiyyətləri ilə əlaqədar irəli sürülmüş digər nəzəriyyələrlə birbaşa bağlılığı olmasa da , onlarla müəyyən uyğunluğu vardır. Bu da bağlılıq nəzəriyyəsinin müxtəlif variantlarının işlənilib hazırlanmasına və genişlənərək təkcə uşaqlıq dövrünü deyil, insanın sonrakı yaş dövrlərini də əhatə etməsinə səbəb olmuşdur. [1, Səh. 109-120]

Cinayət törədən azyaşlı uşaqlar üçün məktəbdə, daha sonra isə Londonun əsas uşaq xəstəxanasında psixoanalitik kimi fəaliyyət göstərən C. Boulbi sözügedən uşaqlarla ünsiyyət zamanı geniş müşahidələr aparmış və bu müşahidələr nəticəsində onların sosializasiya prosesində yaşadıqları problemləri valideynləri ilə, xüsusən erkən yaş dövründə qayğı və mehribanlığın çatışmaması ilə əlaqələndirmişdir.

C. Boulbi bağlılıq nəzəriyyəsini ilk dəfə 1957-ci ildə Britaniya psixoanalitik cəmiyyətinin iclasında “Ana ilə uşaq arasında əlaqənin təbiəti” adlı məruzəsi ilə təqdim etmiş, psixoanalizin ana ilə körpə uşaq arasında münasibətlərin, fizioloji tələbatların ödənilməsi asılılığı kimi şərh olunmasını tənqid edərək, öz etimoloji yanaşmasını irəli sürmüşdür.[2, Səh. 374]

C.Boulbi nəzəriyyəsində uşaq inkişafında müxtəlif yanaşmaları (etoloji, koqnitiv, kulturoloji) birləşdirməyə çalışaraq, tədricən klassik psixoanalizdən uzaqlaşmışdır. Bu birləşdirmənin əsasında etologiya nöqteyi-nəzərindən çıxış edərək südəmər körpə ilə ana arasında əlaqələrin formalaşmasının izah edilməsi cəhdi dayanırdı. C.Boulbi  fikirlərini informasiya nəzəriyyəsi meylləri əsasında tamamlamışdır.

Onun nəzəriyyəsinin əsasını bağlılıq anlayışı təşkil edir. Bağlılıq müəyyən daxili və xarici təbiətli siqnallarla aktivləşən, strukturlaşmış davranış sistemləri vasitəsilə ifadə olunur. Bunu eyni zamanda toplanmış psixi enerjinin boşalması ilə izah etməyin mümkün olmadığını qeyd edən C. Boulbi nəzəriyyəsini libido konsepsiyasının alternativi hesab edir və onun müasir psixoanalitik nəzəriyyəyə inteqrasiya imkanlarının olmadığını qeyd edir. C. Boulbi uşaq və ana cütlüyünün davranışını onların olduqları mühitdə öyrənərək, bu mühitin sosial, mədəni aspektlərini qeyd edir və buna görə də freydizm konsepsiyasındakı oral və anal mərhələləri inkar etməklə yanaşı, həm də təmiz naturalist izah prinsiplərini də rədd edirdi. [3, Səh. 141]

Onun əsas ideyası doğuşdan sonrakı ilk aylarda ana və uşaq arasında nə seksual, nə də instinktiv davranışla heç bir əlaqəsi olmayan sıx emosional bağlılığın yaranmasıdır. Bu əlaqənin kəskin şəkildə pozulması uşağın psixi inkişafında, hər şeydən əvvəl isə onun şəxsiyyətinin strukturunda ciddi pozğunluqlara gətirib çıxarır. [4, Səh. 196]

Bu pozuntular özünü dərhal göstərmir (Boulbi tərəfindən təsvir olunan həmin pozuntuların hospitalizm və bu kimi digər problemlərdən əsas  fərqi də elə bundan ibarətdir). Onlardan yalnız bir hissəsi yeniyetmə yaş dövründə özünü göstərir. C. Boulbi sübut edir ki, müəyyən zamanlarda ətraf dünyanı tədqiq etməyə cəhd edən azyaşlı uşaq üçünana etibarlı müdafiəçidir. Tədqiqat aktivliyi isə yalnız uşağın istənilən an ananın müdafiəsi altına qayıtmaq imkanına əmin olduğu zaman stabil və adekvat ola bilər. Beləliklə, uşaq və ana arasında olan emosional bağlantının əsas məqsədi uşağın müdafiə və təhlükəsizlik duyğusunun təmin edilməsidir. Uşaq üçün birinci növbədə  düzgün təlim-tərbiyə deyil,  həyatının ilk illərində ana tərəfindən göstərilən mehribanlıq və nəvaziş daha vacibdir. C. Boulbinin tədqiqatlarından məlum olur ki, ana ilə sıx emosional əlaqələrə malik olan uşaqlar idrak aktivliyi səviyyəsində soyuq münasibətlərə malik ailələrdə böyüyən  və ya məktəbəqədər yaş dövründə analarını itirən yaşıdlarından daha yüksək nəticələr göstərirlər. Bağlılığın keyfiyyəti və idrak aktivliyi arasında əlaqənin mövcudluğu sonralar                M. Eynsvortun həyata keçirdiyi və “Baltimor tədqiqatları” kimi tanınan araşdırmaların  nəticələrində öz əksini tapır. [5, Səh. 144]

Müəllif eyni zamanda  sübut etdi ki, ana ilə stabil emosional əlaqəyə malik olmayan yeniyetmələrdə depressiya özünü daha sıx göstərir, şəxsiyyətin strukturunda dəyişikliklər baş verir. C. Boulbinin fundamental fikri ondan ibarətdir ki,  insan övladı yüksək təşkil olunmuş beş davranış sisteminə malik olaraq dünyaya gəlir: Əmmək, ağlamaq, yapışmaq, izləmək və orientasiya. Bu sistemlərdən bəziləri anadan olandan dərhal sonra fəaliyyət göstərir, digərləri isə sonradan formalaşır. Qeyd edilən faktorlar anada və ya dayədə analıq davranışı sistemini aktivləşdirir ki, bunun da sayəsində körpə əks əlaqə qura bilir. Bu isə öz növbəsində onda bağlılığı şərtləndirən müəyyən davranışlara səbəb olur. Əgər körpənin instinktiv reaksiyaları oyanıbsa, lakin ana fiquru yoxdursa, bu ayrılıq təşvişi, üsyankar davranış, kədər və iztirabla nəticələnir. [6, Səh. 120]

İlk bağlılıq uşaq altı aylıq olduqdan sonra yaranır. Belə ki, başlanğıc həftələrdə ananın hərəkətlərinə verilən reaksiyalar qısa müddətli, situativ, fraqmental, pərakəndə xarakter daşıyır. Uşaq bir həftəlik olarkən qayğısına qalan şəxs dəyişdiyi halda onun yeni şəraitə qısa müddətdə adaptasiya olunmasını da bununla izah etmək olar. Lakin yeddinci aydan sonra, daha dəqiq desək, səkkiz-doqquz aylarda təhlükəsizlik və müdafiəni təmin və təmsil edən ana, yaxud onu əvəz edən şəxsin mərkəzi rol oynadığı davranış-motivasiya sistemi yaranır. Buna görə də, yeddinci aydan sonra körpənin anası və ya onu əvəz edən şəxslə ayrılığı olduqca ağrılı keçirir, onun yeni şəxsə adaptasiyası olduqca gec və ağrılı olur.

C. Boulbi eyni zamanda, valideynlərdə də belə proqramlaşmış davranış forması olduğunu və bunun genetik cəhətdən nəsildən-nəslə ötürüldüyünü ehtimal edirdi. Bu  model həm insanlarda, həm də heyvanlarda təkamül prosesinin məhsuludur. Belə davranış sistemi sonradan ana və uşaq arasında bədən təması, qida tələbatının ödənilməsi, təhlükəsizlik və komfort sayəsində daha da möhkəmlənir. Beləliklə, müəllif ana ilə bağlılığın inkişafı və mühafizə edilməsində irsiliyin və eyni dərəcədə də ətraf mühitin təsirini qeyd edir.

Təhlükəsizlik tələbatının və bununla əlaqədar davranış modellərinin irsiliyi məsələsinə gəlincə, C. Boulbi Xarlounun isti, tüklü, yumşaq parça ananı, soyuq, məftil anadan üstün tutan makak meymunları ilə həyata keçiridiyi məşhur eksperimentlərə müraciət edirdi. [7, Səh. 119]

Bağlılıq nəzəriyyəsinin digər əsas anlayışlarından biri də “bağlılıq obyekti” (attachment figure) qavramıdır. Burada bağlılıq obyekti dedikdə bağlılığın yarandığı şəxs nəzərdə tutulur. Məlumdur ki, insanların böyük əksəriyyətində bu funksiyanı ana daşıyır. Onu da qeyd etmək lazımdır ki, qan qohumluğu bu məsələdə əsas rol oynamır. Belə ki, uşaqla bağlılıq münasibətlərini yaratmaq iqtidarında olan istənilən şəxs, bioloji ana olmadığı təqdirdə onu əvəz edə bilər. C. Boulbi qeyd edir ki, adətən istifadə olunan “ana qayğısı və baxımı” ifadəsi həddən artıq geniş anlayışdır və onu yalnız uşağın üzvi, təbii tələbatlarına xidmət kimi şərh etmək olar. Bununla belə, körpə bağlılığı təzahürünün seçim xarakteri aşkar şəkildə göstərir ki, uşaq sadəcə onun qayğısına qalan şəxslərə deyil, həm də onunla aktiv və emosional qarşılıqlı münasibətlərə girən – diqqətini çəkən, mehribanlıqla danışan, oynayan və s insanlara üstünlük verir. C. Boulbiyə görə, uşaqda anaya bağlılığın formalaşmasına səbəb olan əsas amillər ilk növbədə uşaq tərəfindən verilən siqnallara həssaslıq, ikincisi, uşaqla qarşılıqlı əlaqənin tezliyimüddətidir: “uşaqları daha çox etibarlı bağlılığa malik analar onlara dərhal reaksiya verməsi və qarşılıqlı münasibətlərinin hər iki tərəfdə məmnunluq yaratması ilə fərqlənirlər” [8]

Bu tədqiqatlar zamanı M.Eynsvort bağlılığın keyfiyyətinə təsir edən faktor kimi ananın yalnız uşağın sevgi və fiziki tələbatlarına deyil, eyni zamanda onun müstəqillik, aktivlik tələbatına da həssas olmasını aid etmişdir. Müstəqil, fərdi aktivlik istəyi uşağın əsas tələbatıdır və bunun  ödənilməsində ananın həssaslıq və məharətinin böyük rolu qeyd edilir. Tərəflərin qarşılıqlı münasibətinin dörd səviyyədən ibarət şkalası mövcuddur:

  • Ananın uşağın tələbatlarını başa düşmək  və onun düşüncəsini hiss etmək qabiliyyətinin aşkar olunduğu uşağın istəklərinə  həssaslıq – qeyri-həssaslıq;
  • Ana üçün uşağın və onun rolunun mənəvi əhəmiyyətini müəyyən edən qəbul etmə-rədd etmə;
  • Ananın uşağın müstəqilliyinə və fərdiliyinə hörməti və onun təşəbbüslərini dəstəkləməsi və ya özünün fərdi  arzularını zorla qəbul etdirmək meylinin əks olunduğu qeyri-operativlik – müdaxilə;
  • Ananın emosional adekvatlılıq, onun emosionallıq və emosiogenliyik səviyyəsini aşkar edən dəstək – etinasızlıq

istifadə edilmişdir.

 

Baltimor tədqiqatlarının nəticələri birmənalı olaraq digər araşdırmalarda, xüsusilə,  Almaniyada bu cərəyanın aparıcı psixoloqlarından olan  K. E. Qrosmanın elmi işlərində də təsdiq olunmuş, eyni zamanda, uşaqların idrak aktivliyinin müəyyən edilməsinə yönəlmiş tədqiqatlar həyata keçirilmişdir.

C. Boulbiyə görə körpənin ona qulluq göstərən ilk insana bağlılığı onun həyatının ilk ayında daxili əməliyyat modeli kimi interirozasiya olunur. Uşaq bu modeldən istifadə edərək anasının davranışlarını interpretasiya edir və öz reaksiyalarını müəyyənləşdirir. Bu model formalaşdıqdan sonra ona qayğı göstərən şəxs dəyişdikdə belə o, bu sistemə əsaslanaraq hərəkət edir. C. Boulbi iddia edir ki, bağlılığın inkişafı prosesində valideyn-uşaq münasibətləri körpənin ilk ilində formalaşır və bu sonradan onun  bütün həyatına təsirini göstərir.  C. Boulbinin həmin fikri E. Eriksonun erkən psixososial inkişaf nəzəriyyəsi ilə üst-üstə düşdüyünü qeyd edir.[9, Səh. 279]

İşçi model bağlılıq prinsipinin mərkəzi anlayışıdır. Bu, münasibətlərin psixoanalitik konsepsiyasının yenidən müəyyən edilməsi və inkişafı məqsədilə daxil edilmiş və bağlılıq nəzəriyyəsi kontekstində olduqca vacibdir. C. Boulbi belə hesab edirdi ki, digər insanlarla və dünya ilə qarşılıqlı əlaqə prosesində fərd müxtəlif hadisələri qavramaqda və interpretasiya etməkdə ona kömək edən dünyanın vacib aspektlərinin işçi modellərini konstruksiya edir. Bunu özünüdərketmənin dərin strukturu və ya münasibətləri adlandırmaq olar. Lakin qeyd edilən modelin şüurla əlaqəsi heç də birmənalı deyil: O, fərd tərəfindən dərk edilmir, ancaq insan onunla özünü, ətraf aləmi qəbul və dərk edir. İşçi modeli konkret təsvir, elmi təhlil etmək mümkün deyil. [10, Səh. 139, 141]

Bundan başqa, bağlılığın asılılıq kimi qəbul edilməsi tendensiyası da yaranmışdır ki, sonradan C. Boulbinin ifadə etdiyi kimi, bu Sirs R. R (SearsRobertRichardson) tədqiqatlarında asılılıqdan irəli gələn davranışların, vərdişlərin vahid strukturu kimi qiymətləndirilməsi arasında əlaqələr müəyyən edilmədi. Nəticədə Sirs özü belə qərara gəldi ki,  “asılılığın ümumi xarakteristikası ilə bağlı təsəvvürlər” əsaslı deyil. [11]

Bağlılıq nəzəriyyəsinin yeni variantlarında M. Maxlerin bağlılığın dörd hissədən ibarət olması barədə mülahizələri ilə rastlaşırıq: bu nəzəriyyənin inkişaf mərhələsindən ibarət olması, ana ilə birləşmə (ilkin birlik) və sonra ayrılma (avtonom) olmaqla iki hissəyə ayrılması, ananın daxili obrazının daha statistik və mənən uşaqdan ayrı olması.

D. Şternin irəli sürdüyü fikirlərdə qeyd olunur ki, körpələrdə ilkin mərhələdə sensor qabiliyyəti ilə özünü və digərlərini ayırmaq bacarığı, ikinci mərhələdə daxili mənliyini, “Mən” mahiyyətini dərk etməsi, üçüncü mərhələdə subyektivliyini hiss etməsi, dördüncü mərhələdə verbal “Mən” hissi və münasibətlərin yaranması meydana çıxır.[12, Səh. 149]

Bağlılıq nəzəriyyəsinin nümayəndələrindən olan P. Kriten bağlılıq nəzəriyyəsi çərçivəsində J. Piajenin “Öyrənmə nəzəriyyəsi”ni, “İnformasiyanın işlənilməsi nəzəriyyəsi” və etoloji yanaşmanı inteqrasiya etməyə çalışmışdır. Onun fikrincə, effektiv (emosional) və koqnitiv (intellektual) informasiya insan üçün daha aktualdır və uşağın müəyyən informasiya növünə həssaslığı, onun müxtəlif informasiya növlərini vahid davranış modelinə inteqrasiyası uşağın ana ilə qarşılıqlı münasibətləri şərtlərindən asılıdır. Ana ilə bağlılıq tipindən – ananın uşağın siqnallarına cavabından asılı olaraq, uşaqda davranışın möhkəmlənməsi baş verir və uşaq eyni situasiya ilə rastlaşdıqda möhkəmlənmiş təcrübədən, davranışdan yararlanır. P. Kriten J. Piajenin intellektin inkişaf mərhələləri və C. Boulbinin bağlılığın formalaşması etapları arasında uyğunluq görərək ana ilə bağlılığın uşağın sonrakı davranış strategiyasını formalaşdırdığını qeyd edir. Uşaq diqqət cəlb etməyə çalışaraq davranış nümayiş etdirməklə yanaşı, bağlılıq tipinə daxil olan anaların uşaqlarından fərqli olaraq eyni zamanda müəyyən həddin də gözlənilməsini təcrübəsi əsasında özündə müəyyənləşdirir, ananın aqressiyasından qorunur, nəticədə yalançı intellekt, qarşı tərəfin ona qarşı hərəkətini neytrallaşdıran davranış nümunələri meydana çıxır.[13, Səh. 50]

Bağlılıq nəzəriyyəsi ilə keçmiş SSRİ, sonra isə Rusiya və digər post-Sovet respublikalarda olan tədqiqatçılar yalnız XX əsrin 80-cı illərindən etibarən maraqlanmağa başlamışlar. İlk növbədə bağlılıq anlayışı L.S. Vıqotskinin mədəni-tarixi inkişaf nəzəriyyəsi baxımından M.İ. Lisinanın ünsiyyətin genezisi ilə bağlı tədqiqatlarda, onun ünsiyyətin genezisi konsepsiyasında uşağın inkişafının vacib şərti olaraq uşaq və yaşlı, uşaq və uşaq arasında qarşılıqlı münasibətlər kimi nəzərdən keçirilmişdir. [14, Səh. 57]

V.N. Noskova bağlılıq nəzəriyyəsinin, bağlılıq anlayışının və bu istiqamətdə Sovet, sonra da rus psixologiya elmində həyata keçirilən tədqiqatları 2 qrupa ayırmışdır:

“1. Bağlılıq müstəqil tədqiqat predmeti kimi çıxış edir. Bura ən müxtəlif istiqamətləri daxil etmək olar.Beləki, bu kontekstdə:

  • Qeyd olunan problem üzrə xarici müəlliflərin tədqiqatları təhlil edilir.
  • Erkən uşaqlıq dövründə uşağın ana ilə bağlılığı tədqiq edilir.
  • Bağlılıq müqayisəli konteks baxımından, məsələn: körpənin anaya və özünün obrazına bağlılığı nəzərdə tutulur.
  • Müxtəlif yaşlı uşaqlarda təkcə anaya bağlılıq deyil, eyni zamanda bağlılıq obyektləri tədqiq edilir.
  • Bağlılıq uşağın ayrı-ayrı psixikeyfiyyətlərinin formalaşması, onun uğurlu sosializasiyası amili və ya səbəbi kimi nəzərdən keçirilir; böyüklərin bağlılıqları öyrənilir.
  • Bağlılıq klinika aspektdən  tədqiq  edilir 
  1. .Bağlılıq tədqiqat predmeti kimi deyil, lakin qiymətləndirmə kriteriyası kimi nəzərdə tutulur, məsələn:  ana və uşaq arasında qarşılıqlı münasibətlərin keyfiyyəti kimi nəzərə alınır. [15, Səh. 109, 120]

Qeyd olunan bütün məqamları diqqətə alaraq qeyd etmək olar ki, ailənin və cəmiyyətin daima diqqət mərkəzində saxladığı uşağın şəxsiyyət kimi formalaşması məsələsinə bağlılıq nəzəriyyəsi olduqca maraqlı aspektlərdən yanaşmışdır. Bu nəzəriyyənin irəli sürdüyü müddəalar onun tədqiqini nəinki indiki dövrdə zəruri edir,  eyni zamanda gələcəkdə də  ən aktual araşdırma predmetlərindən biri olmasına zəmin yaradır.

 

          Istifadə olunmuş ədəbiyyat siyahısı

 

1(Смирнова Е.О. Развитие теории привязанности (поматериалам работ П. Криттенден, Вестник ПСТГУ IV:Педагогика. Психология 2013. Вып. 2 (29). Səh. 109-120, Источник:

http://www.voppsy.ru/issues/1995/953/953139.htm(11 .11. 2015)

http://www.childpsy.ru/lib/articles/id/10350.php#po(10 .11. 2015)

2 (Марцинковская Татьяна Давидовна История психологии:Учеб.  пособиедлястуд. высш. учеб. заведений. - 4-е изд., стереотип. - М.: Издательский центр≪Академия2004. - 544 с .səh. 374,375)

 

         3(Е.О.Смирнова Теория привязанности: концепция и эксперимент          Вопросы психологии №3, 95, səh.139,141

http://www.voppsy.ru/issues/1995/953/953139.htm(1.09 2015)

 

4 Джон Боулби. Привязанность, ДжонБоулби. Привязанность

 

5Е. О. Смирнова Теорияпривязанности: концепция и эксперимент Вопросы психологии №3, 95, səh. 144,146 Зарубежом

http://www.voppsy.ru/issues/1995/953/953139.htm 24.09.2014.

 

6 http://psy.1september.ru/article.php?ID=200701903, Сергей Степанов, 11.09.2014; Подготовка ребенка к устройству в принимающую семью: Методическое пособие / Г.Т. Базарова и др. – М.: Изд-во «Проспект»,  2009. – 232 с. – (Семья для ребенка), səh. 120;