Thumbnail

Uşaqlarda mutizm problemi

Mutizm uşaqlar arasında yayılan problemlərdən biridir. “Mutus” sözündən olub “səssiz”, “susqunluq” mənasını daşıyır. Bu, fərqli formalarda meydana çıxa bilər. Bir uşağın danışıq yaşı keçirsə və hələ də danışmırsa, bu hal uşağın nitq aparatında yaranan problemlərlə bağlı ola bilər. Həmçinin nevroloji, bioloji, psixoloji səbəblərdən də yaranmağı mümkündür. Uşağın danışa bildiyi halda danışmaqdan imtina etməsi psixoloji bir problem hesab edilir. Mutizm nadir görülən bir problemdir və adətən uşaq yaşlarında xüsusilə 4-8 yaşlar arasında meydana çıxır. 

 

  • Mutizm 2 alt qrupa ayrılır:

 Orqanik mutizm və funksional mutizm.

Orqanik mutizm mərkəzi sinir sistemindəki problemlərdən yaranır, psixoloji səbəblərdən qaynaqlanmır. Məsələn, CP (Serebral Palsi) olan bir uşaqda orqanik mutizmdən bəhs edilə bilər.

Funksional mutizm isə özü də alt qruplara bölünür:

- Simbiotik mutizm: uşağın özünə baxanla qurduğu (bu əksər vaxtlarda ana olur) simbioz münasibət

- Reaktiv mutizm: bu mutizmlə çoxlu emosiyonal reaksiyalar əlaqəlidir

- Passiv aqressiv mutizm: a) uşaq mutizmi bir silah və nəzarət mexanizmi kimi istifadə edir. b) ümumilikdə antisosyal davranış nümayiş etdirər. c) mənfi reaksiya olaraq danışmır

- Danışmaq fobiyası: a) öz səsini eşitmək qorxusu. b) uyğun olmayan bir şey demək qorxusu

 

  •  Mutizmin 2 növü var:

1.Total mutizm: Uşaq hamıyla danışmaqdan imtina edir. Əksər vaxtlarda bu problem 3-5 yaş arası məktəbəqədər dövrdə özünü göstərir. Lakin valideynlər uşaqlarındakı bu halı əvvəlcə çəkingənlik kimi düşündüklərindən, məktəb dövrü çatan zaman uşağın heç bir dostu və müəllimi ilə danışmaması problemin üzə çıxmasına səbəb olur. Ünsiyyətə girmək istəyini nadir hallarda fikrini yazılı şəkildə ifadə etməklə təmin etməyə cəhd göstərir. Selektiv mutizmdən fərqli olaraq Total mutizmə yaşlı insanlarda rast gəlinir. Yaranması psixoloji və ya psixiatrik səbəblərlə bağlıdır.

2. Selektiv mutizm: Fərd seçdiyi insanlarla ünsiyyətdə olur, danışır,  digər hallarda nitqdən imtina edir. Bu uşaqla danışmağa cəhd olunduqda göz kontaktına girməkdən çəkinirlər və hərəkətsiz, rekasiyasız dururlar. Az da olsa ünsiyyətə girməyə maraq göstərərlərsə, duyğu və düşüncələrini jest və mimikaların köməyi ilə, ya da yazılı yolla ifadə etməyə üstünlük verirlər. Selektiv mutizm uşaqlıq dövrü qayğı pozuntusu olaraq da bilinir. Nadir hallarda görülən problemdir. Qızlarda oğlanlara nisbətən daha çox rast gəlinir.Selektiv mutizmin ortaya çıxdığı yaş aralığını iki hissəyə bölmək olar: 3-4 yaşlarında problem özünü göstərirsə, erkən selektiv mutizm adlanır. 5 yaşından etibarən yaranmağa başlayıbsa, gec və ya məktəb mutizmi adlanır.

  • Terapiyanın aparılma qaydası

İlkin olaraq mütəxəssislə pasient arasında emosional kontakt mütləq yaranmalıdır, əks təqdirdə terapiya uğurlu alınmaz. Bir neçə mütəxəssislə uşaq kontakta girməyə bilər. Mütəxəssis davamlı olaraq uşaqla danışmalı, lakin onu danışmağa məcbur etməməlidir. İlk seansda uşaqla pıçıltılı səs tonunda danışmalıyıq. Uşaq bizə reaksiya verdikcə səs tonumuzu zamanla qaldırırıq. Uşaq tam olaraq bizimlə sözlü əlaqəyə keçdikdən sonra uşağın sosiallığı və başqalarıyla ünsiyyəti üzərində çalışırıq. Bu zaman uşağın öz güvəni və özünə inamı üzərində işləməliyik. İlk başlarda pasient başqalarıyla danışmaya bilər. Zamanla sosiallığı adiləşdikcə və ana motivasiya verdikcə danışıq fəaliyyəti açılır. İstisna olaraq uşaq hamıyla danışmaya bilər, bu kimi halda onu məcbur etmək düzgün sayılmır. Sonra isə uşağa kiçik tapşırıqlar verərək onu ünsiyyətə ruhlandırırıq. Misal: Uşağa pul verib çörək alıb gətirməsini tapşırmaq kimi.

  • Selektiv mutizmin əlamətləri:

- Uşağın ailə mühiti kimi ünsiyyətə girəcəyi insanları tanıdığı və özünü güvəndə hiss etdiyi ictimai sahələrdə danışmasına baxmayaraq, məktəb və oyun sahələri kimi fərqli sosyal mühitlərdə danışmaması

- Uşağın susqunluğunun onun təhsilinə və ictimai münasibətlərinə mənfi istiqamətdə təsir göstərməsi

- Susqunluğun ən az bir ay davam etməsi (məktəbə başladığı ilk ay nəzərə alınmır)

- Mutistik uşaqlar sizin gözünüzə baxmaqda çətinlik çəkirlər və sizə əsəbi, özünəqapanıq, aqressiv, tərs, isterik, utancaq təsiri bağışlaya bilərlər.

  • Yaranma səbəbləri:

Yaşanılan psixi travma (yaxın adamın ölməsi, təcavüz, maşın qəzası, valideynlərin boşanması, yaşayış sahəsinin dəyişdirilməsi və s.) və ya valideynlərin çox nəzarətçi və mükəmməlliyyətçi olması kimi səhv ana-ata tutumları uşağın bəzi ortamlarda danışmamağına səbəb olur. Bu hal sonradan onlarda ünsiyyətə soyuqluq yarada bilir. Lakin uşağların bəzi mühitlərdə danışmamağına doğuşdan anksiyete problemi olmasının səbəb olduğu da deyilir. Bu insanlarda şəxsi təhlükələrə qarşı xəbərdar edən beynin amigdala deyilən hissəsi artıq işləyir və şəxs təhlükədə olmasa belə, təhlükə siqnalı göndərir. İnsanlar da bu hislərlə mübarizə aparmaq üçün susmağa üstünlük verirlər. Baş beynin ağır şəkildə zədələnməsi də ( beyin daxili təzyiq, qan dövranının ciddi pozulması), beyindaxili şişlər də mutizmə səbəb ola bilər.

  • Selektiv mutizmin müalicəsi:

Selektiv mutizmə sahib uşaqlar müalicə olunmadıqları vəziyyətdə təhsilləri və sosyal münasibətləri ciddi zərər görmüş olur. İçinə qapanıq və özgüvəni aşağı şəxslər olmaq riski ilə qarşı-qarşıya gəlirlər. Buna görə də mutizm diaqnozu qoyulan andan mülicəsinə başlanmalıdır. Terapiya qrup işi şəklində aparılmalıdır. Uşaq psixoloqları ilə yanaşı, müəllimlər, loqopedlər və ailə fərdləri önəmli yer tutur. Dərman dəstəyi və psixoterapiya üsulları (oyun terapiyası, ailə terapiyası, fərdi konsultasiya, davranış terapiyası və s.) birlikdə istifadə olunur. Uşaq nə qədər balacadırsa və məktəbdə danışmadığı müddət nə qədər azdırsa gedişat bir o qədər müsbət olacaq. Psixoloq ilk növbədə valideynlərlə ətraflı danışmalıdır. Nə vaxtdan bu halın yaşandığını dəqiqləşdirib, əlavə problemlər araşdırılmalıdır. Belə uşaqlara mütləq kollektiv lazımdır. Mutistik hal aradan qalxandan sonra loqopedik baxış keçirilməlidir. Uzun müddət ünsiyyətdən uzaq durduğu üçün nitqində problemlər yarana bilər. Bu hal aradan qalxmasa, nitqindəki qüsurlara görə başqa uşaqların yanında özgüvəni düşə və yenidən mutizm halı qayıda bilər.

  • Davam etmə müddətinə görə mutizm iki yerə bölünür:

keçici və davamlı mutizm

Keçici mutizmin xüsusiyyətləri :

- Uşaq çox vaxt 5 yaşdan balacadır.

- Danışmama davranışı sadəcə bir mühitdə vardır.

-Problemin başlanğıcı 6 aydan çox deyil.

- Susma davranışı davamlı deyil: uşaq zaman- zaman danışmaz.

Davamlı mutizmin xüsusiyyətləri:

-Mutizm 6 aydan uzun müddətdir ki davam edir.

- Uşaq adətən 5 yaşından böyükdür

- Danışmama davranışı daimidir.

- Susma davranışı bir neçə mühitdə mövcud olur.