Uşağın şəxsiyyətinin formalaşmasına təsir edən nələr var?
Cinsiyyət
Mühit
Ata-ana
Mədəniyyət
İrs
Təhsil
Hansı?
Hamısımı?
Heç birimi?
Cinsiyyət əsas amil ola bilər?
Uşağın şəxsiyyətinin formalaşmasında cinsiyyət əsas amil deyil. Ancaq bu mövzuda çox ciddi vaxtsız hökmlər verilib. Demək istədiyim, cəmiyyətimiz fikirləşir ki, qız uşaqları emosional və çəkingən, oğlan uşaqları isə rasional və cəsurdur. Şübhəsiz bəzi qız uşaqları həqiqətən emosional, mülayim və həssasdır. Oğlan uşaqları arasında da güclü, dominant və rasional davranış nümayiş etdirənlər var. Lakin bununla yanaşı sakit, romantik, çəkingən, emosiaonal oğlan uşaqları olduğu kimi, sərt, əsəbi, qarşıdurmadan çəkinməyən, emosianallığı elə də sevməyən qız uşaqları da mövcuddur. Oğlan uşaqlarından bəziləri mülayim olduqları halda, bəzi qiz uşaqları dominant və çox aktiv ola bilir. Bu hallar sübut edir ki, uşağın psixoloji quruluşunun xüsusiyyətlərini müəyyənləşdirərkən cinsiyyət əsas amil sayılmır. Belə ki, oğlan uşaqlarının bəziləri qız uşaqlarından daha emosional və həssasdır.
Hər şey ata-ananın rəftarından asılıdır?
Valideyn rəftarı əhəmiyyətli rol oynamaqla yanaşı uşağın şəxsi keyfiyyətlərinin formalaşmasında əsas təyinedici faktor deyil. Uşaqlarının sayı birdən artıq olan bəzi valideynlər uşaqlarının bir-birlərindən fərqləndiklərini açıq – aşkar deyirlər. Onlar uşaqları ilə eyni qaydada rəftar etdikləri halda uşaqlardan bəzilərinin daha sosial və ekstravert(xaricə meyilli), bəzilərinin isə daha introvert(daxilə meyilli) və öz aləmində olduğunu açıqlayırlar.
Ətrafı və valideynləri tərəfindən sosiallaşmağa təşviq edilsə də, sosial və xaricə meyilli olmaqda çətinlik çəkən uşaqların olması mümükündür. Sülhpərvər, qarşıdurmadan çəkinən və sakit bir valideynin mübariz və qarşıdurmadan çəkinməyən uşaqları ola bilər. (Əlbəttə bunun əksi də keçərlidir.)
Bu hallar ata-ana rəftarının əsas təyinedici faktor olmadığını bizə sübut edir.
Ata-ananın sadəcə uşaqda anadangəlmə mövcud olan əsas xüsusiyyətlərin sağlam və ya qeyri-sağlam inkişafında təsiri ola bilər. Məsələn, mübariz və xaricə meyilli bir uşaq müsbət valideyn rəftarı ilə qarşılaşarsa, haqqını qorumaq üçün sağlam formada cəsarət nümayiş etdirəcək. Bunun əksinə eyni uşağa sərt davrandıqda, yaxud təzyiq göstərdikdə həmin uşağın qəzəb və zorakılıq ehtiva edən qeyri-sağlam davranış nümayiş etdirməsi mümkündür.
Uşaqların xarakterindəki müsbət meyilləri tarazlığı qorumaq şərtilə təşviq etmək və inkişaf etdirmək, mənfi meyilləri isə mümkün qədər tətikləməmək və minimuma endirmək ata – ana və təhsilverənlərin vəzifəsidir.
Elə isə nə düzgündür? Uşağın psixologiyasını formalaşdıran əsas amil nədir?
Hər bir uşaq bir psixoloji əsasla dünyaya gəlir. Bu psixoloji əsasa xarakter(temperament) deyirik.
Uşağın xarakteri cinsiyyətindən, ata-anasının şəxsiyyətindən, mədəniyyət və coğrafiyadan asılı olmadan anadangəlmə mövcud olur. Lakin ətraf-mühit amilləri ilə (ictimai cinsiyyət rolu və dəyərləri, ata və ana rəftarı, təhsil, mədəniyyət və s.) daima qarşılıqlı təsirdə olur.
Ətraf-mühitdəki amillər hər uşağa eyni formada təsir etmir. Necə ki, kağız, şüşə və metal stəkanlar eyni yüksəklikdən buraxılsa da, yerə ayrı-ayrı vaxtlarda düşür və müxtəlif cür təsirə məruz qalırlar. Uşaqların ətraf-mühitin təsirinə məruz qalması və bunun nəticələri də eyni şəkildə bir-birindən fərqlənəcək. Bir bənzətmə ilə izah etmək istəsək:
temperament = Çəyirdək
şəxsiyyətin xarakterik xüsusiyyəti= xarakter
Təhsil, valideyn, mədəniyyət = Torpaq və mühit
Şəxsiyyət = Ağac
Kimi fikirləşə bilərik.
Anadangəlmə sahib olduğumuz xarakterin bünövrəsini bir çəyirdək kimi təsvir etsək, şəxsiyyət həmin çəyirdəyin ağaca çevrilmiş halı sayılır. Ata-ana rəftarı, təhsil, mədəniyyət, həyat təcrübəsi isə o çəyirdəyin içində böyüdüyü torpaq və mühitə bənzəyir.
Daha ətraflı izah etmək istəsək:
Xarakter, insanda anadangəlmə mövcud olan, özünəməxsus əsas xüsusiyyətlərə sahib, dəyişməz və uşağın hiss, zehin və davranışlarının əsasında duran konstruktiv prosedurun özəyidir.
Hər insan anadangəlmə müəyyən xüsusiyyətlər daşıyan bir bədənlə dünyaya gəlir. Eyni zamanda qismən istedad, üstünlük və riskləri olan psixoloji özəklə doğulur. Məhz bu özəyə xarakter deyirik. Bütün uşaqlar eyni xarakterdə deyil. İnsanlar və xüsusilə körpələrlə bağlı müşahidə və tədqiqatlar körpələrdə fərqli xarakterik xüsusiyyətlərin olduğunu göstərir.
“Körpələrin reaksiyalarında ilk aylardan başlayaraq fərdi xüsusiyyətlər nəzərə çarpır. Ailələr körpələrin özünəməxsus xüsusiyyətləri olduğundan söz açırlar. Körpələrin bir qismi çox sakit, digər qismi isə adətən, çox çətin körpələrdir.” (Elvan İşleri “Bebeklik dönemi” Çocuk ve ergen ruh sağlığı ve hastalıkları, ed. Ayla Soykan Aysev, Yasemen Işık Taner, s. 155-171, İstanbul, 2017)
“Qutudan çıxan bir kukla sakit(rahat) bir körpəni əyləndirdiyi halda, əsəbi və ani dəyişikliklərdən dincliyi pozulan reaktiv bir körpəni narahat etməsi mümkündür. Bundan əlavə əksər uşaqlarda narahatlığa səbəb olan ağır stresli hadisələrin dözümlü adlandırılan uşaqlara elə də təsir etmədiyi müşahidə olunur.”(Patricia H. Miller, a.g.e. s. 41)
Tədqiqatlardan birində “Iki yaşlı uşaqların 10-20 faizinin yeni vəziyyət yarananda təzyiqə məruz qalmış, çəkingən və narahat” olduğu müşahidə edildiyi halda, bəzi uşaqlarda rastlanan qarşı çıxma və münaqişə yaratmaq davranışının xarakterdən qaynaqlandığı dəyərləndirilmişdir.
A.Tomas və S. Çess üç fərqli tip körpə təyin ediblər. Xoşxasiyyət və mülayim kimi təsvir edilən “Rahat körpələr”, yeni şeylər sınamağı xoşlayır və müsbət reaksiyalar verirlər. Tərs və gərgin körpələr kimi təsvir olunan “Çətin uşaqlar” üçün bu reaksiyalar həm mənfi, həm də sərt olur. “Çətin adaptasiya olunan körpələr” isə adətən, hərəkətsiz və ləng reaksiya verirlər. Tomas və Çess xarakterin əsasən anadangəlmə olduğunu, körpəlik vaxtında təsadüf edilən bu xarakter müxtəlifliyinin həyatın davamında da müşahidə edildiyini deyir. Tərs və çətin körpələrin əksəriyyətinin məktəbdə çətinlik çəkən və aqressiv davranan uşaqlar olduğu, utancaq körpələrdən çoxunun isə məktəbdə də utancaq və çəkingən olduqları görülür.(Jerry Burger, a.g.e. s. 367.)
“Bağçadaki uşaqları bir neçə dəqiqə izləsəniz, hələ 2-3 yaşı olanların belə aralarındakı şəxsiyyət fərqliliklərini müşahidə etmək olar. Hətta bağçada bir həftə işləsəniz kimin aktiv olduğunu, kimin tez-tez ağladığını, və kimin sakit və xoşbəxt olduğunu müəyyənləşdirə bilərsiniz. Bu fərqlərin uşaqların evdə gördükləri fərqli münasibətdən qaynaqlandığını düşünsək də, getdikcə artan tədqiqatlar ənənəvi davranış tərzinin anadangəlmə mövcud olduğunu göstərir. Tədqiqat nəticələri bu ənənəvi üslubun olduqca qətiyyətli olduğunu və ömrü boyu insanın şəxsi keyfiyyətlərinin inkişafına təsir göstərdiyini irəli sürür. Bunun mənası bəzi insanların girişkən, bəzilərinin isə utancaq olaraq dünyaya gəlməsidir? Böyük ehtimalla yox. Daha mümkün versiya dünyaya gələrkən müəyyən davranışlara olduqca meyilli olmağımızdır. Adətən xarakterdə rastlanan fərdi xüsusiyyətlər insan həyatının ilk ilində müşahidə olunur və onun həyatı boyu eyni formada qalır.” (Baxın. Jerry urger, a.g.e, s. 351-352)
Bu tədqiqat və dəyərləndirmələr anadangəlmə sahib olduğumuz psixoloji özəyə işarədir. Ətraf-mühitdəki bütün faktorlar ( təhsil, mədəniyyət, valideyn rəftarı, baş verən hadisələr və s.) anadangəlmə sahib olduğumuz bu xarakter özəyi tərəfindən qəbul edilir, dəyərləndirilir və istifadə olunur. Eyni şəraitdə yaşadığımız halda bunları müxtəlif şəkildə dərk edib dəyərləndirməyimizə səbəb məhz həmin fərqli “dərketmə və istifadə özəyi”dir.
Şəxsiyyət, xarakterin ətraf-mühit amilləri ilə qarşılıqlı təsiri nəticəsində meydana çıxan hərəkət, duyğu və davranış tərzini ehtiva edir. Şəxsiyyət müdaxilə edə bilmədiyimiz, cinsiyyət, zəka, genetik quruluş, biloji quruluş və müəyyən qədər müdaxilə edə bildiyimiz, ailə, təhsil, mədəniyyət, baş verən hadisələr, inanc kimi faktorların xarakter özəyi ilə qarşılıqlı təsiri nəticəsində formalaşır.
Anadangəlmə sahib olduğumuz psixoloji əsas olan xarakterin, fəaliyyət (davranış, hərəkət tərzi), hiss (sevgi-nifrət, sevinc – kədər), düşüncə (mühakimə, düşünmək) yolları ilə həyatda meydana çıxma üsulunun vəhdəti şəxsiyyət görüntüsü adlandırılır. Məsələn, hansısa xarakterdə rastlanan özünü qorumaq və müdafiə etmək meyli, hüquqlarını qədərində qorumaq formasında ortaya çıxa biləcəyi kimi, aqressivlik və dalaşqanlıq kimi ortaya çıxması da mümkündür. Yaxud başqa bir xarakterdə rastlanan zərərdən çəkinmək meyli, özünü mövcud təhlükələrdən qorunmaq şəklində göstərdiyi kimi, hələ mövcud olmayan uydurma təhlükə üçün narahat olmaq şəklində də göstərə bilər. Şəxsiyyətin formalaşmasında həm xarakter, həm də ətraf-mühit amili əhəmiyyətlidir.
Xülasə, kənar təsirlər, xarakterin bünövrəsində qarşılıqlı təsirə girirlər. Sarı rəngli bir yer maviyə boyanarsa, yaşıl rəng alınar, qırmızı rəngli yer maviyə boyananda isə bənövşəyi rəng alınır. Hər hansı amil, ya da hadisə eynilə bunun kimi, xarakterik xüsusiyyətlərlə heç bir əlaqəsi olmayan nəticə meydana gətirməz. Bu səbəbdən fərqli xarakterləri qulaqardına vurmaqla hər hansı bir vəziyyətin fərdə necə təsir edəcəyini müəyyənləşdirmək olmaz.
Uşağın xarakterik xüsusiyyətlərinin yetkin şəxsi xüsusiyyətlərə çevrilmə prosesində, valideyn rəftarı, mühit və təhsilin də rolu əhəmiyyətlidir. Lakin uşaq ata-ana və təhsilverənlər üçün üstünə istədiyi şəkli çəkə biləcəyi “boş və ağappaq bir səhifə” deyil. Heç birimiz digərimizdən üstün deyilik, ancaq fərqliyik. Bizlər qarşımızdakını özümüzə oxşatmağa çalışar və bizim kimi olmağını gözləyərsək, deməli onun fərqliliyini görməməzlikdən gəlirik. Üstəlik onu özümüzə görə dəyərləndirəndə həm səhv müqayisə aparmış, həm də ona haqsızlıq etmiş oluruq. Necə ki, dovşanla “müqayisədə” tısbağa təmbəl, göyərçinlə “müqayisədə” isə yarasa çəkingən və soyuq, qartalla “müqayisədə” toyuq uçma qüsurlu, panda ilə “müqayisədə” isə meymun çox hərəkətli sayılır.