Thumbnail

ENNEAQRAM TİPLƏRİNƏ ÜMUMİ BAXIŞ

1-Cİ TİP

Həyata prinsipial və idealist yanaşır, standartları yüksəkdir. Ciddi və qaydapərəstdir. Hislərdən çox məntiqi ilə düşünür, hərtərəfli düşünüb sonra hərəkət edir. Adətən dəqiq və intizamlı olmağa, hər şeyi nəzarətdə saxlamağa meyillidir. Nəyin düzgün və vacib olduğunu öyrənməyə və layiqincə yerinə yetirməyə çalışır. Nəyisə yarımçıq və səhv edəndə çox narahat olur, özünü tənqid edib səhvini düzəltməyə ehtiyac duyur. Özünü və ətrafını ideal və mükəmməl səviyyəyə gətirmək üçün əzmlə çalışır.

2-Cİ TİP

 Xeyirxah, istiqanlı, dostcanlı və olduqca emosionaldır. Nikbin təbiətli, xoş əhval-ruhiyyəli, rəhmdil, ünsiyyətcil və hislərini bölüşməyi sevən, insanlarla tez qaynayıb-qarışan, tez kövrələn, insanlardan diqqət və sevgi gözləyən, yaxınlıq göstərilməyi sevən, tez inciyən, həssas təbiətə malikdir. Dost-tanışları dəstəkləməyə, dərdlərinə ortaq olmağa və çarə tapmağa can atır. İkili münasibətlərində hislərinin cavabsız qalmamasını istəyir.

3-CÜ TİP

 Təşəbbüskar, özünəinamlı, boş dayanmaqdan xoşu gəlməyən, nüfuz və uğur qazanaraq insanları heyrətə gətirməyi sevən, açıq və ya gizli rəqabət aparan, önə çıxmağı bacaran tipdir. Nəticə yönümlü olub enerji və imkanlarını yalnız məqsədinə çatmaq üçün istifadə edir. İmicinə çox əhəmiyyət verir, mövqeyini buna uyğun ortaya qoyur. Özünəinamlı görünür, diqqət cəlb etməyə və təsir göstərməyə çalışır, təqdir olunmağı gözləyir, məğlubiyyətə və uğursuzluğa tabı yoxdur. Məqsədinə çatmaq naminə öz-özünü motivasiya edir. Mənfi hallara, uğursuzluqlara fikir vermədən məqsədinə çatanadək çalışıb-çabalayır, hədəfinə nail olmaq üçün nə lazımdırsa edir.

4-CÜ TİP

Həssas, nəzakətli, estetik dəyərlərə önəm verən, anlamağa və anlaşılmağa çox ehtiyac duyan, orijinallığı və fərdi düşüncələrini dəyərli sayan bir tipdir. Sevinc və kədəri ürəkdən hiss edir, kövrək və kədərli yönü vardır, özünü və həyatın həqiqətini başa düşməyə çalışır. Rəhmdil və səmimi olub özünə və insanlara qarşı səmimi davranmağı vacib sayır. Əhvali-ruhiyyəsindən asılı olaraq bəzən aktiv və şən-şaqraq olur, bəzən də kədərə bürünüb öz aləminə qapanır. Həmişə hiss elətdirməsə də, tez inciyir. Bu halda istəyir ki, incikliyi hiss olunsun, incidənlər onu anlayıb öz səhvlərini düzəltsinlər.

5-Cİ TİP

Bir şeyi ətraflı bilməyə çalışan, analitik və diqqətli müşahidə apara bilən, öz ehtiyaclarını (maddi-mənəvi) özü qarşılamağa çalışan təmkinli və rasional tipdir. Daha çox introvertdir, tək qalıb düşünməyi sevir, uzun müddət tək başına vaxt keçirə bilir. Adətən, izdihamlı və yad mühitlərə girməyi, fiziki yxınlıq və təmasda olmağı xoşlamır. Emosional deyil, ağıllı və məntiqli reaksiyalar verməyə meyillidir. Diqqət cəlb etməkdən və göz qabağında olmaqdan qaçır. İzdihamlı məkanlardan uzaq olmağa və insanları müşahidə etməyə üstünlük verir.

 6-CI TİP

Zehni rahatlıq axtaran, təhlükə və zərərdən qaçınan, yeni və qeyri-müəyyən hallarda təmkinli davranan, hər şeylə maraqlanan, hər şeyə şübhəli yanaşan, yeni tanış olduğu adamlarla onlara güvənənə qədər səmimi olmayan bir tipdir. Dəyər verdiyi şəxslərlə yola getməyə çalışır, münasibətlərində etibarını zədələyən davranışlardan uzaq gəzir. Vzifə və məsuliyyətlərinə ciddi yanaşır, məntiqli, qənaətcil və təmkinli insandır. Xoşagəlməz və qeyri-müəyyən hallarda tez narahat olur, gözlənilən mənfi ehtimalları düşünür, gələcəklə bağlı narahatlığa meyillidir. Çevik qərar verməkdə çətinlik çəkər, işlər düz gətirməyəndə özünə inamı sarsıla bilər.

7-Cİ TİP

 Yeniliyi sevən, yenilik və dəyişiklik axtaran, əyləncəyə düşkün, hər şeylə maraqlanan, aktiv, dilli-dilavər, ekstravert, şən, nikbin, zarafatcıl, həyəcan və macəra sevən, geniş fantaziyası olan, problemlərlə qarşılaşdıqda dərhal praktiki həll yolu tapmağı bacaran tipdir. Çətin və sıxıntılı vəziyyətlərdə praktik həll yolları tapmağa çalışır. Çətin və darıxdırıcı bir şeyə uzun müddət diqqətini cəmləməkdə çətinlik çəkir, diqqəti asanlıqla dağılır, eyni şeyləri etməkdən tez yorulur, rahat həyata meyillidir. Məhdudiyyət qoyulmaqdan və seçimlərin azlığından çox narahat olur, bütün hallarda sərbəst hərəkət etmək istəyir.

 8-Cİ TİP

Cəsur, güclü, özünə inanan, münasibətlərdə dominant tərəf olan, güclü olmağı sevən, bir az sərt, comərd, yaxınlarını idarə etmək istəyən, ancaq idarə olunmağı xoşlamayan, dava-dalaşdan çəkinməyən, özünə arxayın və çətinliklər qarşısında dözümlü tipdir. Bütün hallarda önə çıxıb müdaxilə etmək istəyir, məhdudiyyətlər və təzyiqlərlə razılaşmır, özünü və yaxınlarını qorumaq üçün münaqişədən əsla çəkinmir, zəiflik və gücsüzlüyü heç sevmir və hirslənəndə bunu açıq-aşkar göstərir.

 9-CU TİP

 Dinclik və sakitlik axtaran, dost-tanış mühiti ilə yola getməyə, dil tapmağa çalışan, münaqişə və dava-dalaşdan uzaq gəzən, sülhsevər tipdir. Yolagedən, yumşaq xasiyyətli, sakitdir, gözləntilərində israr etmir, utancaqdır, hərəkətlərində bir az ağır və ləng görünür, təmkinlidir. Ancaq çətinlik çəkər və narahat olarsa, açıq-aşkar münaqişə etməsə də, inadkarlıq edə bilər. Ümumən sakit və yolagedən olmasına baxmayaraq, nadir hallarda içində yığılan qəzəbi vulkan kimi qəfil püskürür.