ENNEAQRAM MODELİNDƏN HANSI SAHƏLƏRDƏ İSTİFADƏ OLUNUR?
İş dünyasında işə qəbul zamanı, işçilərin düzgün motivasiya edilməsində, ünsiyyətdə düzgün dil və üslubdan istifadədə, məhsuldar komandanın qurulmasında, idarəçi və idarə olunanlar arasındakı münasibətlərin yaxşılaşdırılmasında, hər işə uyğun şəxslərin seçilməsində istifadə olunur. Evlilik və cütlük terapiyasında: cütlüklərin özlərini və qarşı tərəfi tanımasında, empatiya qurmasında və qarşı tərəfi düzgün anlamasında, tərəflərin bir-birinin imkan və çatışmazlıqlarını bilməsində, daha gözəl münasibət üçün yol xəritəsinin hazırlanmasında istifadə olunur. Valideyn-uşaq münasibətlərində: ata və ananın öz tərbiyə üsullarını analiz etməsində, uşağın xarakterinin bütün imkan və qabiliyyətlərinə bələd olub, ən uyğun rəftar formasını seçməsində və problemlərə düzgün yanaşma məsələsində istifadə olunur. Təhsildə: müəllimlərin uşaqlarla ünsiyyət və münasbətdə xarakter müxtəlifl iyini nəzərə almasında, peşə və karyera planlamada, təlim-tərbiyə və təhsildə fərqli öy rənmə və çalışma metodlarının tətbiqində istifadə olunur. Fərdi özünüdərk və inkişafda: şəxsin özünün əsas axtarış, məqsəd və ehtiyaclarını kəşf etməsində, düşüncə və davranışlarının kökündə dayanan səbəblərin fərqinə varmasında, problemlərin həllində düzgün və real yanaşma və strategiya qurmasında, çatışmazlıqların və potensial risklərin düzgün idarə edilməsində, sağlam və balanslı psixoloji mühit yaradılmasında, əlaqədar şəxslərin fərqli xüsusiyyətlərini anlamaqda və düzgün ünsiyyət qurmaqda bir həll yolu kimi istifadə olunur. Psixoterapiyada (Psixoloji müalicə və seans) şəxsin temperament və şəxsiyyət “xəritə”sini çəkməkdə, uyğun və faydalı psixoterapiya prosesini planlaşdırmaqda, anadangəlmə psixoloji problemlərlə sonradan travma nəticəsində yaranan psixoloji halları ayırd etmək və düzgün müalicə üsulunu müəyyənləşdirməkdə istifadə olunur. Enneaqram biz insanları çərçivəyə salmır, əksinə, bizə malik olduğumuz imkanları və bizi çərçivələyən sərhədləri göstərir. Üstəlik, faydalı imkan və qabiliyyətlərdən səmərəli şəkildə yararlanaraq “əl-qolumuzu bağlayan” qəliblərdən qurtulmağa kömək edir.