Thumbnail

Asperger sindromu

Əsasən irsi xəstəlik olan Asperger sindromu 1944-cü ildə sindromu təsvir edən avstriyalı pediatr Hans Aspergerin adını daşıyır. Aspergen sindromu adətən klassik autizmlə   qarışdırılsa da,  klassik autizmdən fərqləndirən cəhət onun daha az ağır simptomları və dil gecikmələrinin olmamasıdır.

 

Sosial ünsiyyətdə və obsesif davranışlarda çətinlik çəkən Asperger Sindromlu fərdlər xüsusilə zarafat, kinayə və metaforaları anlamaqda çətinlik çəkirlər. Eyni zamanda nitqlərində tələffüz problemi olmasa da, nitq tonunda, vurğuda problem yarana bilər.

Asperger sindromu nədir?

Beyindəki dəyişikliklər Asperger sindromunun bir çox əlamətlərindən biridir. Ancaq elm adamları bu dəyişikliklərin nəyə səbəb olduğunu dəqiq müəyyən edə bilmirlər.

Bu diaqnozu olan insanlar digər insanlarla ünsiyyət  və münasibət qurmaqda problemlər yaşayırlar  baxmayaraq ki, onların nitq bacarıqlarında aşkar bir problem yoxdur. Bundan əlavə, onların obsesif düşüncələri, davranışları və maraqları var.

Necə ortaya çıxır?

Asperger sindromu genetik irsi xəstəlikdir. Başqa sözlə, bu diaqnozu olan şəxslərin ailəsinin digər üzvlərinin də Asperger sindromu və ya autizm olması mümkündür. Hamiləlik və doğuş zamanı çətinliklər genetikadan başqa səbəblər arasında göstərilsə də,bunların pozğunluğa necə səbəb olduğu hələ də aydın deyil.

Asperger sindromunun əlamətləri

Sosial şüurun olmaması

Dostlar  tapmağa marağın olmaması

Dostluq münasibətləri qurmaq və saxlamaqda çətinlik

Başqalarının fikir və hisslərini başa düşə (empatiya) bilməmək

Göz təmasından qaçınmaq və ya çox diqqətlə baxmaq

Mimika və jestlərin olmaması və ya şişirdilmiş jestlərin istifadəsi

Bədən dilini başa düşməmək

Səslərə, toxunuşa, qoxulara, dadlara və ya vizual stimullara qarşı yüksək həssaslıq

Rituallara və ya rutinə həddindən artıq bağlılıq

Əl çalmaq və ya qol yelləmək kimi təkrarlanan motor davranışları

İroniya və ya sarkazm kimi incə dilin istifadəsini anlamaqda çətinlik

Səs tonunu tənzimləməkdə çətinlik (məsələn, yüksək səslə və ya çox tez danışmaq, məsələn, birdən aşağı və ya yavaş səslə danışmaq)

Asperger sindromunun təsnifatı

Asperger sindromu anadangəlmə olan və ya həyatın ilk 3-4 ilində ortaya çıxan kompleks neyroinkişaf pozğunluqlarına aid olan autizm spektri pozğunluqlarının (ASP) ən yüngül sonu hesab olunur. Başqa sözlə, klassik autizmin ən yüngül formasıdır. Digər ASP’lər bunlardır:

klassik autizm

Rett sindromu

uşaqlıq dezinteqrativ pozğunluğu

Asperger sindromu özlüyündə ayrıca təsnif edilmir, yalnız sindromu müşayiət edə biləcək psixiatrik problemdən asılı olaraq uşağın gündəlik həyatında az və ya çox əks oluna bilər. Asperger sindromu 2003-cü ildən autizm növlərindən biri kimi qəbul edilmiş və autizm spektri pozuntularından biri kimi müəyyən edilmişdir.

Asperger sindromunun diaqnozu

Adətən 4-11 yaşlarında özünü büruzə verən Asperger sindromunu birbaşa aşkar edə biləcək heç bir test yoxdur. Vəziyyətdən asılı olaraq, bu pozğunluğa bənzər simptomları olan fiziki xəstəlikləri araşdırmaq üçün əvvəlcə qan testləri və rentgen müayinəsi aparıla bilər. Əgər fiziki problem yoxdursa, uşaq psixiatr və yaxud psixoloq kimi uşaq inkişaf pozğunluqları üzrə mütəxəssislərə müraciət edə bilər.

Asperger sindromu müalicəsi varmı?

Asperger sindromunun müalicəsi yoxdur və ömür boyu davam edir. Sindromun simptomlarını yaxşılaşdırmaq üçün bir çox müalicə üsullarından istifadə edilə bilər. Uşağın yaşına və ehtiyaclarına uyğun davranış və tərbiyəvi müdaxilə növləri seçilir. Əsas müalicələrə aşağıdakılar daxildir:

 Sosial idrak maarifləndirmə təlimi: Danışıq bacarıqlarını və sosial siqnalları anlamağa kömək edə bilər.

Nitq və dil terapiyası: Dilin mücərrəd ifadələrinə, düşüncəni ifadə etmə yollarına, səsə nəzarət və s. öyrətməyə kömək edə bilər.

Peşə terapiyası: Bacarıqlar dəstəklənir, təşkilatçılıq və koordinasiya bacarıqları inkişaf etdirilir, təşkilatda iş üsulları öyrədilir.

Fiziki terapiya: motor koordinasiyasını və qavrayış bütövlüyünü təmin etmək məqsədi daşıyır.

Asperger sindromu nə zaman rast gəlinir?

 Asperger sindromu hər 1000 uşaqdan 1-4də rast gəlinir  Bu sindrom oğlanlarda daha çox rast gəlinir, lakin səbəbi bilinmir. Ümumiyyətlə qəbul edilir ki, 1 qız və 4 oğlan bu pozğunluqdan təsirlənir.

Asperger sindromu qarşısını alına bilərmi?

Mövcud məlumatlar Asperger sindromunun qarşısının alına biləcəyini göstərmir.