• +994 50 260 11 33
  • info@enneagram.az
  • Bakı, Nərmanov rayonu,Ağa Nemətulla 232
Thumbnail

Temperament tipini necə müəyyənləşdirəcəksiniz?

Uşağınızın temperament tipini necə müəyyənləşdirəcəksiniz? Uşağın temperamentini müəyyən etmək üçün ilk növbədə saytımızda yerləşdirilən 9 tipin xülasəsi oxunmalıdır. Uşağın hansı temperament tipinə aid olduğuna dair ehtimallar müəyyənləşdikdən sonra əlaqədər fəsildən müəyyənləşdirilən mümkün temperament tiplərinin əsas xüsusiyyətləri, strukturunun təfərrüatları və əsas riskləri oxunmalıdır. Ardınca uşağın davranış və rəftarı ilə müqayisə aparıb onun hansı xarakterdə olduğu dəqiqləşdirilməlidir. Temperament tiplərinin güclü və zəif xüsusiyyətləri Birincilər: Doğruya fokuslanmış, ciddi, təmkinli və qaydapərəstdirlər. Belə uşaqlar məntiqli və düşünərək hərəkət edən, adətən sözəbaxan və ciddi, hərəkətlərinə fikir verən, təmkinli, səliqəli və təmizkar olmağa meyilli uşaqlardır. Düzgün və görülməli olanı soruşub öyrənərək yerinə yetirməyə çalışırlar. Nəyisə əskik və səhv etdiklərində olduqca narahat olub özlərini günahkar sayır və özlərinə əsəbləşirlər. Haqsızlığa uğradıqları təqdirdə qəzəblənirlər. Potensial riskləri: Yumşaq davranmaqda çətinlik çəkmək, həddən artıq tənqid və mühakimə etmək, qaydalarında sərt olmaq, səhvə dözümsüzlük, səhv və qüsurla üzləşəndə qəzəblənmək. İkincilər: Xeyirxah, istiqanlı, dostcanlı və olduqca emosionaldırlar. Belə uşaqlar, sevimli, mərhəmətli, ünsiyyəti və hislərini paylaşmağı sevən, insanlarla cəld qaynayıb-qarışan, tez kövrələn və ağlayan, ətrafından diqqət və sevgi gözləyən, özünü sevdirməyə və bəyəndirməyə çalışan, yaxın təmas qurmağı xoşlayan, tez inciyib küsəndirlər. Potensial riskləri: İncimək və küsmək, qısqanclıq, istəklərində inadkarlıq göstərmək, tənqiddən incimək və tənqidi şəxsi-qərəzlik kimi qəbul etmək, əhvallarının tez pozulması. Üçüncülər: Uğura fokuslanmış, özünü gözə salan, rəqabət qabiliyyətli və iddialıdırlar. Bu temperament tipində olan uşaqların rəftarında əzimli, enerjik və rəqabət qabiliyyətli olduğunu, özünə arxayın göründüyünü, uğur qazanmaq və təriflənmək istədiyini, məğlubiyyət və uğursuzluğu xoşlamadığını, diqqəti cəlb etməyə və təsirli olmağa çalışdığını görmək olar. Məqsədlərində həvəsli olan, hədəflərinə istiqamətində neqativ hisslərə fikir vermədən nəticə əldə edənə qədər cəhd edən, istənilən şəraitdə nə demək və necə hərəkət etmək lazımdırsa ona uyğun davranan uşaqlardır. Potensial riskləri: İfrat iddialı və rəqabətə meyilli olmaq, imic və görüntüyə düşkünlük, təkəbbür, özünü gözə salmaq, olduğu kimi görünməmək. Dördüncülər: Həssas, asanlıqla inciyən, özünəməxsus və fərdiyyətçidir. Belə uşaqlar sevinc və kədəri dərindən yaşayan, tez inciyən, kövrək və kədərli bir yönü olan, başa düşməyə çalışan, mərhəmətli, səmimi və dostcanlı davranırlar. Ürəyi istədiyi kimi davranan, bəzən aktiv və canlı bəzən də öz aləmində olmağı sevən, emosional tərəddüdlər yaşaya bilən uşaqlardır. Emosional cəhətdən tez inciyirlər lakin adətən bunu həmişə büruzə vermirlər. İncidiklərinin hiss edilməsini və ətrafdakıların onları başa düşüb səhvlərini düzəltməyini gözləyirlər. Potensial riskləri: Tez və həddən artıq incimək, özünə yazığı gəlmək, özünə qapanmaq, qüsurla üzləşəndə məmnuniyyətsizlik göstərmək, neqativ halları şişirtmək. Beşincilər: Öyrənməyə maraqlı, müşahidəçi, təmkinli və rasionaldırlar. Belə uşaqlar, əksər hallarda daxilə meyilli, sakit və uzaqdan müşahidə aparıb anlamağa çalışan, biliyə və öyrənməyə həvəsli uşaqlardır. Adətən izdihamlı və tanış olmayan yerlərdə çəkinir, yalnız qalıb düşünməyi sevir, fiziki yaxınlıq və təması bir o qədər də xoşlamır, emosional reaksiyalar yerinə rasional və məntiqli reaksiyalar verməyə meyilli olurlar. Potensial risqləri: Hiss və düşüncələrini bölüşməmək, özünə qapanmaq, çoxbilmişlik və xor görmək, çəkingənlik, fəaliyyətə keçməkdə cəsarətsiz olmaq, sosiallıqdan çəkinmək. Altıncılar: Güvən yönümlü, təmkinli, tərəddüd edən və zərərdən çəkinən uşaqlardır. Bu temperament tipində olan uşaqlar, təmkinli olmağa çalışır, güvən və təhlükəsizlik axtarır, yeni və naməlum vəziyyətlərdə özünü təmkinli aparır, yeni tanış olduğu şəxslərlə dərhal səmimiyyət qurmurlar. Neqativ və qeyri -müəyyən hallarda tez narahat olur, güclü və qayğıkeş bir himayədara ehtiyac duyur, mümkün olan ən pis ehtimalları nəzərə alır və gələcək üçün narahat olmağa meyillidirlər. Yeni daxil olduqları mühitdə ehtiyatlı və çəkingən hərəkət etməyə meyilli, cəld qərar verməkdə çətinlik çəkən və ya verdikləri qərarları təsdiqlətməyə ehtiyac duyan uşaqlardır. Neqativ hallarda özünə inam problemi yaşayan, "güclü və bilikli" bir himayədar axtaran və ona arxalanmağa ehtiyac duyan xarakterdədirlər. Potensial riskləri: Tez təlaşlanmaq, narahatlıq və qorxusunun öhdəsindən gələ bilməmək, inanmaqda çətinlik çəkmək, bədbinlik, əskiklik hissi və çəkinmək, gec qərar vermək, özünə inamsızlıq. Yeddincilər: Yeniliyi sevən, əhli-kef, hər şeylə maraqlanan və aktiv uşaqlardır. Bu temperament tipində olan uşaqlar söhbətcil, xaricə meyilli, şən, nikbin, düşük, zarafatcıl, həyəcan və macəra xoşlayan, zəngin fantaziyaları olan, problemlərlə üzləşındə sürətlə praktik həll yolları tapa bilən uşaqlardır. Ağrılı və sıxıntılı vəziyyətdən hiyləgərcəsinə qaçır, fikrini uzun müddət çətin və darıxdırıcı bir şeyə cəmləməkdə çətinlik çəkir, diqqəti asanlıqla dağılır, eyni işləri görməkdən tez sıxılır, yenilik və dəyişiklik axtarır, hər şeyi qurdalamağı sevir, rahatlığına əhəmiyyət verir, çətin öhdəliklərdən qaçır və ya öhdəsinə götürdüyü məsuliyyəti vaxtında yerinə yetirməkdə çətinlik çəkirlər. Potensial riskləri: Səbirsizlik, tez darıxmaq, diqqət dağınıqlığı, çətinlikdən qaçmaq, qarma-qarışşqlıq, eqoistlik, məsuliyyətdən qaçmaq. Səkkizincilər: Cəsur, güclü, özünə inanan və hakimiyyət quran uşaqlardır. Bu temperament tipində olan uşaqlar, cəsur, qorxmaz, qorxusuz, güclü olmağı sevən, sərt, səxavətli, ətrafındakıları idarə etmək istəsə də özü idarə olunmağı sevməyən, qarşıdurmadan çəkinməyən, özünə arxayın, çətinliklər qarşısında dözümlü davranan və adətən enerjili olurlar. İstənilən vəziyyətdə önə çıxıb müdaxilə etmək istəyir, tez ağlamır, məhdudlaşdırılmağa və təzyiqə qarşı çıxaraq əks - reaksiya verir, özünü və ətrafındakıları qorumaq üçün qarşıdurmadan əsla çəkinmir, zəiflik və gücsüzlüyü heç xooşlamır və əsəbləşdiyi zaman bunu göstərirlər. Potensial riskləri: Qəzəb və zorakılıq, ifrat hökmranlıq, öz bildiyini yeritmək, dalaşqanlıq və qarşı çıxmaq, tələskənlik. Doqquzuncular: Yolagedən, öz aləmində, mülayim xasiyyətli və sakit uşaqlardır. Bu temperament tipində olan uşaqlar, mülayim, gözləntiləri az, utancaq, hərəkətləri bir az ağır və ləng, tələskənlikdən uzaqdırlar. Dinclik və sakitlik axtarır, ətrafı ilə dil tapmağa səy göstərir, qarşıdurma və münaqişə olan yerlərdən çəkinir və uzaqlaşır, sülhpərvər və başıyumşaq olmağa çalışırlar. Lakin çətinlik çəkəndə yaxud narahat olanda açıq -aşkar qarşı çıxmasa da inadkarlıq göstərə bilər. Adətən sakit və mülayim olmalarına baxmayaraq, nadir hallarda da olsa daxillərində yığılan qəzəbi ani əsəb sarsıntıları kimi göstərə bilirlər. Potensial riskləri: Tənbəllik və süründürməçilik, inad, dalğınlıq və qarma-qarışşıqlıq, qərar verə bilməmək, çəkingənlik, sosiallaşmaqdan çəkinmək,haqqını qoruya bilməmək.